20 illik Zəfər dastanı
Siyasət

20 illik Zəfər dastanı

"Mən hər bir azərbaycanlının prezidenti olacağam!". Bu sözləri 20 il əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev xalqına ilk müraciətində demişdi. 2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faizi böyük inam hissi ilə İlham Əliyevi Azərbaycan Respublikasının dövlət başçısı seçdi. İlk gündən ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı dünya miqyaslı bütün yüksək tribunalarda təmsil etdi.

Ölkə başçısının prezident seçilməsindən düz 20 illik bir müddət keçir. Bu illər ərzində nə dəyişdi, nə əldə olundu, hansı problem və çətinliklərdən keçdik, bütün bunlar hamısı gözümüzün önündə baş verdi. Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun əsas güc mərkəzinə çevirdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Azərbaycan regionun əsas güc mənbəyi olaraq şərəfli bir tarix yazır. Ölkəmiz sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu tam gücü ilə nümayiş etdirir. Siyasi, iqtisadi imkanlarını genişləndirərək beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Məhz bu, 20 illik müddət ərzində aparılan mühüm sosial-iqtisadi islahatlar əsasında ölkə əhalisinin rifah halı daha da yaxşılaşıb. Artıq regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

İlham Əliyev, ilk növbədə, qurucu, və sülhsevər dövlət başçısı kimi Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirərək öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi gördü. Fəaliyyəti və iş prinsipini bu istiqamətdə səfərbər edərək xalqın dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderə çevrildi. Onun 20 illik prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi mühüm islahatlar Azərbaycanın iqtisadi qüdrətini artırdı. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin gərgin, düşünülmüş siyasi kursunun nəticəsidir. Rəhbəri olduğu Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Əlbəttə ki, bu illər ərzində Azərbaycan bütün sahələrin inkişaf etməsi nəticəsində bölgədə və dünyada mövqeyini gücləndirərək söz sahibinə və əsas tərəfdaş dövlətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Bütün bunlarla yanaşı, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib, təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətin təcəssümüdür.

Son 20 ili Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də açdığı yolun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi də xarakterizə etmək olar. Xüsusilə son yeddi ildə əldə edilən qələbələri qeyd etmək lazımdır. Hələ 2016-cı il Aprel döyüşlərində Lələtəpənin və Talış yüksəkliyinin azad edilməsi ilə başlayan ilk qələbə addımları böyük Zəfərə gedən yolun təməlini qoydu. Bunun da nəticəsi olaraq ötən illər ərzində xalqın etimadını qazanmaqla yanaşı, qarşıda duran əsas vəzifələrdən biri də işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bu məqsədlə də ölkə başçısı fəaliyyəti dövründə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük addımlar atdı. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Azərbaycan ordusu öz gücü sayəsində və Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına başladı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu.

Dünyanın marağına səbəb olan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan ordusu qanı, canı bahasına ərazi bütövlüyümüzü təmin etdi. Vətən oğlunun cəsurluğu, mərdliyi və misilsiz şücaəti sayəsində Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Beləcə, Vətən müharibəsində qazandığımız Qələbə son 20 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 20 ilə nəzər salsaq görərik ki, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olmaqla bərabər əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Bu gün Azərbaycan keçdiyi yüksək inkişaf mərhələsi ilə yanaşı, həm də dünyanı azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Düşmən tərəfindən xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur bölgəsi dirçəlməyə başlayır. Torpaqlarımızın azad edildiyi ilk günlərdə ölkə başçısının dediyi sözlər artıq öz məntiqli nəticəsini tapır. Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağ cənnətə çevrilir. Bu yerlərdə aparılan irimiqyaslı tikinti-quruculuq işləri ilə bərabər, bölgənin təbii resursları və zəngin potensialı da dünyanın maraq dairəsindədir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, iri infrastruktur layihələri həyata keçirilir. Beynəlxalq aeroportlar tikilib istifadəyə verilir. Siyasi, iqtisadi imkanların genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirir. Bütün görülən işlərin, həyata keçirilən mühüm layihələrin bir müəllifi, yaradıcısı var - ölkə başçısı İlham Əliyev.

Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində, cəmi bir günə ərazi bütövlüyümüz tam təmin edildi. Bu qələbələr Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını azad etməklə tarix yazdı. İndi şanlı bayrağımız Qarabağın bütün ərazilərində - Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu. Əldə olunan uğurlar qalib dövlət kimi ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, millətin milli qürur hissinin özünə qayıtması ilə də nəticələndi. İllərlə xalqın çəkdiyi əzab-əziyyətə, kədərə, həsrətə, torpaq-yurd itkisinə son qoyuldu. Bu qürurlu tarixi bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsinə canı-qanı ilə nail olan rəşadətli ordumuzdur. Şanlı qələbə ilə biz, tək regionda deyil, bütövlükdə dünyada kim olduğumuzu sübuta yetirdik. Əlbəttə ki, qazanılan qələbələrlə Prezident İlham Əliyev tək ümummilli liderin deyil, milyonlarla insanın arzusunu reallaşdırmış oldu. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illiyini qeyd edir. Bu illər ərzində əldə olunan uğurların, nailiyyətlərin məcrası daha böyükdür. Artıq Azərbaycan Qalib dövlət olmaqla yanaşı, həm də dünyada öz yeri, yüksək məqamı olan ölkədir. Bütün bunlar isə ötən 20 ildə çəkilən zəhmətin, əziyyətin bəhrəsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".