Müasir, güclü Azərbaycanın tərəqqisinin özül daşı 30 il əvvəl qoyuldu
Siyasət

Müasir, güclü Azərbaycanın tərəqqisinin özül daşı 30 il əvvəl qoyuldu

2024-cü ilin ilk günlərini yaşayırıq. İlin sürprizlərlə dolu bir il olacağına şübhə yoxdur...

...İllərin ağrı-acısından sonra nəhayət ki, xalqımıza xoşbəxtlik üz verdi: ulu öndər Heydər Əliyev kimi müdrik bir insan öz gəlişilə yeni Azərbaycanın özül daşını qoydu. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. Dünyanın ən nüfuzlu, məşhur şirkətləri bu möhtəşəm planın reallaşması üçün tarixi sənədə imza atdı. Doğrudur, bu, ölkəmizə böyük etimad, inam və etibarın nümunəsi olsa da, burada Heydər Əliyevin uzaqgörən və məntiqə əsaslanan siyasi əzmkarlığı daha qabarıq göründü.

..."Əsrin müqaviləsi"nin imzalanmasından sonra regionda yeni geosiyasi vəziyyət yarandı. O zaman dünyanın çox yerində, xüsusən də Moskvada, İrəvanda oturan "başbilənlər", "müdrikcəsinə" yalançı məntiqə söykənən fikirlər söyləyirdilər. Həmin dövrdə Rusiya Federasiyasının prezidenti olan Boris Yeltsin deyirdi: "Xəzərin statusu barədə razılıq olmayana qədər heç kəsin dənizlə bağlı müqaviləyə imza atmaq haqqı yoxdur...". Rusiyanın vitse-prezidenti Aleksey Rutskoy: "Azərbaycan çox nahaq yerə fikirləşir ki, Xəzərdəki neft sahələri ona məxsusdur". Rusiyanın o vaxtkı müdafiə naziri Pavel Qraçov isə ulu öndər Heydər Əliyevlə danışığında demişdi: "Heydər Əliyeviç, vəziyyət gərgindir, müqavilənin bağlanması ilə bağlı problemlər ortaya çıxsa erməni tankları bir sutka ərzində Bakıya varid olacaq".

Həmin ölkənin Federasiya Şurasının sədri Vladimir Şumeyka fikrini daha açıq və sərt şəkildə ifadə etmişdi: "Biz xarici şirkətlərin Xəzərə ayaq açmasına yol verə bilmərik. Çünki bu, Rusiyanın maraqlarına ziddir. Azərbaycan bunu bilməlidir".

Tanınmış politoloq, mərhum Vəfa Quluzadə ozamankı situasiyanı şərh edərkən Azərbaycanın Rusiya ilə doğru siyasət yürütdüyünü söyləmişdi: "...Mixail Qorbaçov, Boris Yeltsin və Vladimir Putin tamam başqa-başqa siyasətçilərdir. Qorbaçovun vaxtında azərbaycanlıların Ermənistandan deportasiyası oldu. Qarabağ müharibəsi başlandı. Yeltsinin dövründə Azərbaycan torpaqları işğala məruz qaldı. Ermənistana külli miqdarda silah-sursat göndərilərək ermənilər silahlandırıldı... 2014-cü ildir, bu dəqiqə Rusiya ilə Qərb arasında demək olar ki, müharibə gedir, sanksiyalar tətbiq olunur... Rusiyanı təcrid etmək siyasəti aparılır... Azərbaycan bu hadisələrdə özünü çox yaxşı göstərdi...".

Bəli, Azərbaycan doğru, düzgün siyasət yürütməklə müstəqilliyin ilk illərinin çətinliklərini yavaş-yavaş dəf edərək məqsədinə doğru inamla irəlilədi. Heç bir hədə, heç bir təzyiq onu yolundan döndərə bilmədi. Uğur üstünə uğur gəldi.

Üstündən illər keçsə də indi də televiziya ekranlarında həyəcanla izlədiyimiz bir kadr gələcək uğurlarımızın ilk qaranquşu oldu... Dənizin təkindən müqavilə üzrə çıxarılan ilk neft fontanı. Ulu öndər necə də sevinirdi. O məqamda ümummilli liderin yanında dayanan oğlu İlham Əliyevin də siması qeyri-adi idi. Başqa bir kadrda isə İlham Əliyev artıq Azərbaycan Prezidenti olaraq neft terminalındadır. O anların sevinci də unudulmazdır.

"Əsrin müqaviləsi" çərçivəsində nailiyyətlər bir-birini əvəz edir, Azərbaycan hakimiyyətinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardığı məqsədyönlü fəaliyyəti öz müsbət nəticəsini verirdi. Bu əməkdaşlıqda peşəkar anlaşmaya, birgə fəaliyyətin koordinasiyasına, tərəflərin mövqe və mənafelərinə qarşılıqlı hörmət və diqqət göstərilməsinə xüsusi önəm verilirdi. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddət ərzində görülmüş işlər, aparılmış təhlillər, məqsədyönlü islahatlar nəticəsində ölkəmizin iqtisadi imkanları qat-qat artdı, o, Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrildi. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri, 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi xüsusi qeyd edilməlidir. 2020-ci il martın 19-da "Qarabağ" neft yatağı kəşf edildi, sentyabrın 19-da "Abşeron" yatağının dəniz işlərinin təməlqoyma mərasimi keçirildi, dekabrın 31-də TAP boru kəmərinin istismara verilməsilə Cənub Qaz Dəhlizi layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlandı və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edildi. Enerji əməkdaşlığının yeni mərhələsi üçün 2022-ci ildə Avropa və digər tərəfdaş ölkələrlə energetika sahəsində strateji əməkdaşlığa dair Memorandum və saziş imzalandı. Həmin sənədlər qaz nəqlinin artırılmasını, bərpaolunan mənbələrdən elektrik enerjisinin və maye hidrogenin Avropaya ixracını, habelə ötürmə üçün infrastrukturun qurulmasını nəzərdə tutur. Ölkəmiz qlobal enerji keçidi çağırışlarına uyğun olaraq xarici investorlarla əməkdaşlıq çərçivəsində bərpaolunan enerji mənbələrinin səmərəli istehsalını təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətləri ilə külək və günəş enerjisinin istehsalı layihələri uğurla icra olunur. Bununla yanaşı, BP şirkəti ilə birlikdə 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Digər enerji şirkətləri ilə birgə həm quruda, həm də dənizdə günəş və külək enerjisi istehsalı layihələrinin icrası nəzərdə tutulur və s. Beləliklə, bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam olacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".