31 ildən sonra bitən həsrət
Sosial həyat

31 ildən sonra bitən həsrət

Füsunkar təbiəti, saf havası və büllur suyu olan Azərbaycanın dilbər guşəsi Laçın hər ötən gün daha da gözəlləşir. Uzun illər yurdlarından ayrı düşən laçınlıların doğma elinə qayıdışı Laçını əvvəlki laçın çağlarına qaytarır.

İyulun 25-də Laçına qayıdışın 8-ci köç prosesi gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 19 ailəyə qucaq açıb və daha 89 nəfər laçınlı yurduna qovuşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 31 ildən sonra öz doğma yurdu Laçına qədəm qoyan ailələr şəhərdə böyük coşqu ilə qarşılanıblar. Onlar daha əvvəlki köç karvanı ilə Laçına qayıdan həmyerliləri ilə sevinc hisslərini bölüşüb, Laçının gözəl mənzərəsini birlikdə seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.