32 il əvvəl ləğv olunan status
Tarix

32 il əvvəl ləğv olunan status

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur

"Dağlıq Qarabağ Muxtar Vilayəti" 1923-cü il iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində yaradılmışdır. İlk vaxtlar ərazinin inzibati mərkəzi Şuşa rayonu olsa da, sonralar paytaxt  Xankəndiyə köçürülmüş və bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılmışdır. Azərbaycan xalqının mənafeyinə zidd olaraq yaradılmış vilayətin tərkibinə  Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil olmuşdur.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" qərar qəbul edilmişdir. Bir il sonra isə SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətinin ləğv edilərək  Azərbaycan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul etsə də, Ermənistan  Respublikası Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının birgə iclasında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi qərara alınmışdır.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın öz  milli dövlət quruluşu məsələlərini həll etməyə suveren hüququnu əsas tutaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekretini, həmçinin Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanununu qüvvədən düşmüş hesab etmiş  və  "Dağlıq Qarabağ Muxtar Vilayəti" inzibati ərazi vahidini ləğv etmişdir. Qeyd olunmuşdur ki, DQMV-nin yaradılması Azərbaycanın ayrılmaz tərkib hissəsi olan  Qarabağın  dağıdılmasına, əzəli torpaqlarımızdan mədəni irsimizin məhv edilməsinə, o cümlədən iki xalq arasında milli ədavətin dərinləşməsinə xidmət etmişdir. Vilayətin mövcud olduğu dövrdə İrəvanda  yaşayan soydaşlarımız üçün  milli-mədəni muxtariyyətin  yaradılmadığı, sonrakı illərdə azərbaycanlıların ata-baba yurdundan zorla qovulduqları və tarixi torpaqlarımızda  bir nəfər belə azərbaycanlının qalmadığı vurğulanmışdır. Azərbaycan xalqının iradəsini rəhbər tutan Ali Sovetin qərarına əsasən  tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılmış, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, Əsgəran rayonunun ərazisi Xocalı rayonunun, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə qatılmışdır.   Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.

Tarixən Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən Ermənistan  zamanla ata-baba torpaqlarımıza göz dikmiş, ermənilər əzəli yurd yerlərimizi zəbt etmək  üçün xalqımızın başına min bir müsibətlər açmış, soyqırımları, deportasiyalar həyata keçirmişdir. Tarixin müxtəlif mərhələlərində - 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə erməni təcavüzünə məruz qalmış azərbaycanlılar növbəti dəfə  1988-ci ildə qərb qonşumuzun ərazi iddiaları və etnik zəmində təxribatları ilə üzləşmişdir. Belə ki, Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistanın illərlə həyata keçirdiyi düşmənçilik 1991-ci ilin sonunda  açıq şəkildə ərazi iddiası zəminində  müharibəyə çevrilmişdir. XX əsrin sonlarında başlanan keçmiş  Dağlıq Qarabağ münaqişəsi  nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, minlərlə insan hərbi əməliyyatlar nəticəsində həlak olmuş,  itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür. XX yüzilliyə ən faciəli münaqişələrdən biri kimi düşmüş, minlərlə insanın  əzəli yurd-yuvalarından  kütləvi surətdə və zorakılıqla didərgin salınması ilə tarixə yazılmışdır.

Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilsə də, Ermənistanın işğalçı siyasətinə  dünya dövlətləri  nəinki ciddi reaksiya verməmiş, müvafiq tədbirlər görülməmiş, əksinə, ona havadarlıq edənlər münaqişənin sülh yolu ilə həllinə imkan verməmişdilər. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə - 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etmiş, qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilmiş, güc  vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanmışdı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilmiş və işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Lakin  BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməmiş və Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoyulmamışdı.

30 ilə yaxın bir müddəti əhatə edən erməni təcavüzünə, düşmənin növbəti təxribatına cavab olaraq  əks-hücum əməliyyatı ilə son qoyuldu. 27 sentyabr 2020-ci ildə başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ   müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4-də  Cəbrayıl, 17-də Füzuli, 20-də  Zəngilan, 25-də Qubadlı rayonu, noyabr ayının 8-də Şuşa şəhəri, 20-də Ağdam,  25-də Kəlbəcər rayonu, dekabr ayının 1-də Laçın rayonu işğaldan azad edildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi  Vətən müharibəsində qələbəmizi şərtləndirdi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.  30 ilə yaxın davam edən münaqişədə xalqımız Zəfər çaldı, ərazi bütövlüyümüz təmin olundu. Bu il sentyabr ayının 19-20-də qalib ordumuzun keçirdiyi antiterror tədbirlərində Qarabağda qanunsuz məskunlaşmış silahlı birləşmələrin çıxarılması ilə müstəqil dövlətimiz öz ərazilərində suverenliyini tam şəkildə bərpa etdi. 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin  "suveren Azərbaycan dövlətini və onun bütövlüyünü qoruyub saxlamaq və inkişaf etdirmək üçün Azərbaycan xalqının indiki və gələcək nəsilləri qarşısında tarixi məsuliyyətini başa düşərək" aldığı qərar öz təsdiqini tapdı. Ölkə başçımızın dediyi kimi:  "Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur".

Bəli, bu il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xalqımızın tarix boyu ərazi bütövlüyü uğrunda apardığı mübarizə qalibiyyətlə tamamlandı. İndi müstəqil Azərbaycan həm də bütöv Azərbaycandır.

Mehparə ƏLİYEVA,

"Respublika".