4-5 mart tarixlərində növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası
İQTİSADİYYAT

4-5 mart tarixlərində növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası

Şəhərdə bolluq yaratmaq, bazarı   nisbətən   ucuzlaşdırmaq  və aztəminatlı   ailələrin təzə  və   keyfiyyətli məhsullara   əlçatanlığını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi   olaraq yarmarkalar keçirilir. Nazirliyin mətbuat xidməti   bildirir ki, 4-5 mart tarixlərində paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Yarmarkaların əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Bu dəfəki yarmarkalarda 50 regiondan 72 fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar məhsulların keyfiyyət göstəriciləri ilə tanış olmaq üçün yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınır.

“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda təşkil olunacaq: Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı);   Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).

Nəriman  CAVADOV,

“Respublika”.