8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir  
Region

8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir  

Zəfər Günü ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi iştirakçısına “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimat mərasimi keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, bir sıra idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak edib.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev qeyd etdi ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu. Bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir. Rayon rəhbəri təltif olunan müharibə iştirakçılarını səmimi-qəlbdən təbrik edib, Vətən müharibəsində Zəfər salnaməsi yazan bütün qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğuladı.

Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov bildirdi ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətimizin başçısının Ali Baş Komandanlığı altında müzəffər Ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, erməni vandalları layiq olduqları cəzanı aldılar.

Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu.

Daha sonra B.Səfəroğlu adına Xalq teatrının əməkdaşları və şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

Zabit XƏLİLOV,

“Respublika”.