ABŞ
Siyasət

ABŞ "bullinq"dən əl çəkmək istəmir

"ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib". Bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib. Çelik bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşması ilə yekunlaşmasını istəyir: "Əlbəttə, Türkiyə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin sülh yolu ilə yekunlaşmasının tərəfdarıdır".

ABŞ bununla bir daha sübut edib ki, öz maraqları naminə, şəffaflıqdan uzaq, qərəzli bir mövqedən çıxış edir. Müttəfiq və tərəfdaş olduğu ölkələrlə təzyiq və təhdid dilində danışmaqla öz siyasətini davam etdirir. Qərb dövlətləri şəxsi mənfəətləri üçün, başqa dövlətlərdən bir alət kimi istifadəni normal bir hala çevirib. Xüsusən də ABŞ-ın yürütdüyü bu siyasət manipulyasiyalar, yalan və böhtanla doludur.

Azərbaycanın münaqişənin dinc, sülh yolu ilə həlli üçün danışıqlar prosesində 30 ilə yaxın iştirak edib, bu müddət ərzində səbir göstərib. Lakin Ermənistan bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıqla yanaşıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız 44 gün də azad edilib. Bu müddət ərzində ölkəmiz bir daha  bütün dünyaya göstərib ki, Azərbaycan öz ərazilərini qorumaq qüdrətinə malikdir. İkinci Qarabağ müharibəsi tarixə qızıl hərflərlə yazılaraq dövlətimizin gücünün növbəti tərənnümü olub. Azərbaycan Ordusu öz Vətənini qorumaq, torpaqlarını azad etmək üçün başladılan bu savaşda öz vəzifəsini şərəflə, layiqincə yerinə yetirib. Müharibə Azərbaycan Ordusunun gücü hesabına qazanılıb. Bu hər kəsə məlumdur ki, Türkiyə də daxil olmaqla, bütün dost və tərəfdaş ölkələr Azərbaycana sadəcə siyasi və mənəvi dəstək göstərib.

Lakin başqa ölkələrin daxili siyasətinə müdaxilə edərək, münaqişələri qızışdırmağı adət halına çevirmiş ABŞ, bir çox dövlətlərlə, zor təhdid dilində danışır. Belə ki, ABŞ öz maraqları üçün, Türkiyəyə təyziq göstərir. Onun yeni bəhanəsi də Azərbaycana yardım məsələsidir. F-16 və F-35 döyüş təyyarələrinin Türkiyəyə verilməmə səbəbi hər kəsə aydındır. ABŞ prezidenti Ərdoğanın G20 Sammitində ABŞ-ın F-16 döyüş təyyarələrinin Türkiyəyə satışı ilə bağlı söylədiklərinə cavab verib. ABŞ Dövlət Departamenti, "İsveçin NATO üzvü olması ilə F-16-ların satışı arasında heç bir əlaqə yoxdur", - deyib.

Tərəflər bunun əksini ifadə etsələr də, ABŞ-dan 40 yeni F-16 döyüş təyyarəsi və mövcud donanmalara 79 modernləşdirmə dəsti almasında Türkiyəylə müxtəlif şərtlər irəli sürməklə danışılır. Problemin həlli istiqamətində Türkiyə, öz təhlükəsizliyinin təmini üçün, ona qarşı olan davranışlardan və siyasətdən əl çəkməyin vacibliyini qeyd edir, həmçinin NATO ölkələrinin Türkiyəyə qarşı silah embarqosunun aradan qaldırılmasını tələb edir. Görünür, Ankara ABŞ-dan F-16 təyyarələrini almağa ümidini itirib. Belə ki, Türkiyə "Eurofighter" almaq istədiyini açıqlayıb.

Keçən əsrlərdən bəri bu kimi qüvvələrin əsas məqsədi olan Osmanlını zəiflətmək siyasəti görünür müasir Türkiyəyə qarşı da davam edir. Elə XX əsrlərdə də dövləti çökdürmək məqsədilə istifadə edilən üsullardan biri məhz erməni məsələsi olub. Hazırkı Ermənistan regionda bəzi geosiyasi hədəflərə nail olmaq üçün yaradılmış marionet bir qurum kimi əhəmiyyət daşıyır. Keçən əsrlərdən bəri bölgədə öz maraqlarını reallaşdırmaq istəyən bəzi qüvvələr, keçmişdən dərs almalı və öz məkrli siyasətlərindən əl çəkməlidirlər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".