ADINI MİLLİ DÖVLƏTÇİLİK TARİXİNƏ YAZAN SƏRKƏRDƏ
Tarixi şəxsiyyətlər

ADINI MİLLİ DÖVLƏTÇİLİK TARİXİNƏ YAZAN SƏRKƏRDƏ

"Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru Paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakının daşnak bolşeviklərdən təmizlənməsində Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri  olmuşdur. Belə çətin və mürəkkəb bir dövrdə əsl qardaşlıq nümunəsi göstərən bu  orduya qəhrəmanlığı, xalqımıza olan sevgisi ilə adını milli dövlətçilik tariximizə yazan  Nuru Paşa rəhbərlik edirdi.

1889-cu ildə İstanbulda tüccar Əhməd bəyin ailəsində anadan olan Nuru Paşa ilk hərbi təhsilini  də  doğulub boya-başa çatdığı bu şəhərdə alıb. Əmisi Xəlil Paşanın və qardaşı Ənvər Paşanın yolunu davam etdirərək 1906-cı ildə Quru Qoşunları məktəbinə daxil olub. 1909-cu ildə  məktəbi bitirdikdən sonra   Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başlayıb. 1911-ci ildə təhsilini Hərbi Akademiyada davam etdirib. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə başlayan Nuru paşa  1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı və 1918-ci ildə Azərbaycana gəlməsi ərəfəsində yarbay rütbəsi alıb. Nuru Paşa həmçinin minbaşı rütbəsinə, "Altun ləyaqət", Almaniyanın "Dəmir xaç",  "Altun imtiyaz" medallarına, habelə Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına layiq görülüb. Onun hərbi fəaliyyəti  isə əsasən Osmanlı dövlətinin 1918-ci ildə  yaratdığı  Şərq Orduları Qrupuna daxil olan Qafqaz İslam Ordusu ilə bağlıdır. Nuru paşanın qardaşı, Osmanlının hərbiyyə naziri Ənvər paşanın əmri ilə yaradılmış və yalnız müsəlmanlardan ibarət olan bu ordu Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə fəal  iştirak edib. On mindən çox türk əsgərindən ibarət olan Ordunun sıraları  Azərbaycan türkləri və Dağıstan müsəlmanlarından könüllülərin qatılması ilə təqribən 20 minə çatıb.

Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Osmanlı dövləti Güney Qafqazda fəallığını artırdı. Cənubi Qafqazda cərəyan edən qanlı hadisələr Osmanlı imperiyasında  böyük narahatlıq  doğurmuşdu və Azərbaycan xalqına hərbi kömək göstərilməsi üçün Ənvər Paşa milli hərbi qüvvələrinin təşkilatlandırılması üçün Azərbaycana Osmanlı zabitlərinin göndərilməsini  nəzərdə tutan konkret plan hazırlayırdı. Beləliklə, Nuru Paşanın komandanlığı altında hərbi heyət 1918-ci il mart ayının ikinci yarısında İstanbuldan Azərbaycana yollandı və Gəncədə Qafqaz İslam Ordusu komandanlığının qərargahı yaradıldı. Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın Gəncəyə gəlişini belə qeyd edirdi: "Cənubi Qafqaz nümayəndələri ilə türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan bir çox  zabitlər - İran və Qarabağ istiqamətindən Gəncəyə daxil oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi". Nuru Paşa Gəncəyə çatandan bir neçə gün sonra daşnak-bolşevik qoşunları Azərbaycanın milli qüvvələrini məhv etmək üçün Gəncəyə  hücum etdi. O zaman Osmanlı imperiyası Azərbaycanda  güclü ordunun təşkilatlandırılması  üçün Azərbaycana xüsusi heyət göndərsə də, bunun həyata keçirilməsinə vaxt yox idi. Daşnak bolşeviklər bütün Azərbaycan ərazisini, o cümlədən Gəncəni nəzarətə götürmüşdü. Nuru Paşa Türkiyə rəhbərliyinə məktub göndərərək Azərbaycana təcili hərbi qüvvələrin göndərilməsini xahiş etdi. 1918-ci il iyun ayının 4-də Batumda müstəqil Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında imzalanan müqavilə Azərbaycana hərbi qüvvələrin göndərilməsi üçün hüquqi baza yaratdı. Əvvəlcə 5-ci Qafqaz diviziyasına aid olan 9-cu Qafqaz alayı ilə 2-ci süvari alayı Azərbaycana göndərildi. 1918-ci il iyun ayının 7-də 9-cu Qafqaz alayı Qazaxa çatdı. Nuru paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-nə kimi bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq Göyçayı, Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını düşmən qüvvələrdən təmizlədi. 15 sentyabrda isə Qafqaz İslam Ordusu çox sayda şəhid verərək, 8 min osmanlı, 6 min Azərbaycan əsgəri ilə Bakını daşnaklardan azad etdi.  Erməni-rus birlikləri tərəfindən müharibəyə qoşulan ingilis ordusunun komandanı general Denstervil sonralar Bakının azad olunması haqqında  xatirələrində yazırdı: "İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi".

Qafqaz İslam Ordusu 29 yaşlı komandanı  Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanı erməni, rus və ingilis birləşmələrindən təmizləyərək dövlətçilik tariximizdə qəhrəmanlıq salnaməsi yazdı.  Bakı erməni-rus işğalından azad edilərək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu. Bakını azad etdikdən sonra Qafqaz İslam Ordusu Qarabağın erməni daşnaklarından təmizlənməsində uğurlu əməliyyatlar keçirmiş, türk-azərbaycanlı hərbçilər Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırmışlar. Lakin Türkiyənin Birinci Dünya müharibəsində məğlubiyyəti Nuru Paşanın bu zəfərini yarımçıq qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı  imperiyası bir sıra bölgələrdən, o cümlədən Qafqazdan öz ordusunu çıxarmalı idi. Nuru Paşa bu əmri yerinə yetirmək istəməsə də, buna məcbur idi.

1920-ci ilin aprel çevrilişindən sonra da Nuru Paşa bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlmiş, Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırmışdır. Sonra bir Azərbaycan süvari alayı və bir artilleriya batareyası ilə Türkiyəyə dönmüş, Ərzurumda Naxçıvan dəstəsinə qoşularaq azadlıq mücadiləsində iştirak etmişdir.

1918-ci ilin noyabrında hərbi məktəbin ilk buraxılışında Azərbaycanın xalq təhsili naziri Nəsib bəy Yusifbəyli çıxış edərək, bu təntənədə iştirak edən Nuru Paşanın atası Hacı Əhməd paşaya demişdi: Zati-aliləri, sizin şanlı oğullarınız Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaq…

İllər, əsrlər, qərinələr ötsə də taleyini Azərbaycanla bağlayan, dövlətçilik tariximizdə silinməz iz qoyan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı   xalqımız hər zaman öz  xilaskarı kimi anacaq…

Mehparə ƏLİYEVA,

"Respublika".