Qasım bəy Zakir: satirik şeirlər, təmsillər müəllifi
Tarixi şəxsiyyətlər

Qasım bəy Zakir: satirik şeirlər, təmsillər müəllifi

Şuşa gözəlliklər məkanı olmaqla bərabər, həm də Azərbaycan mədəniyyətinə bəxş etdiyi tarixi şəxsiyyətlərlə də şöhrətlənmişdir. Belə şəxsiyyətlərdən biri də Azərbaycan poeziyasında tənqidi realizmin banilərindən olan Qasım bəy Zakirdir.

Qasım bəy Zakir Qarabağın məşhur Cavanşirovlar nəslinə mənsubdur. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir 1784-cü ildə Şuşada dünyaya gəlib,  ilk təhsilini Şuşada ruhani məktəbində almış, burada ərəb, fars dillərini öyrənmişdir. Həmin dilləri bilməsi sayəsində Nizami, Firdovsi, Sədi, Hafiz kimi ustadların əsərləri ilə yaxından tanış olmuşdur. Şairin yeniyetməlik və gənclik dövründə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, iki il sonra  Şuşada qətlə yetirilməsi, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi və  XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi kimi siyasi hadisələr baş vermişdi. Bu hadisələr isə onun formalaşmasına öz təsirini göstərmişdir. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Qasım bəy Zakir çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

Qasım bəy Zakir gənclik illərini döyüşlərdə, müharibələrdə keçirsə də otuzuncu illərin sonlarında təssərrüfatla məşğul olur. Təbiət vurğunu olan şair yayda Şuşada, digər fəsillərdə isə Mehdiqulu xanın bağışladığı Xındırıstan kəndində yaşayır, kənd sakinləri ilə birlikdə təsərrüfatda işləyir, vaxtını onlarla birgə keçirirdi. İlk şeiri 1854-cü ildə "Qafqaz" qəzetində dərc olunmuşdur. O, əsasən lirik qoşmalar, qəzəllər və təmsillər yazmışdır. Zakirin yaradıcılığının ana xəttini satirik şeirlər təşkil edir. Bu səbəbdən də onu Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi hesab edirlər.  Onun satirasında ən kəskin tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. O, yazdığı şeirlərdə həmin insanları yalnız tənqid etmir, həm də onlara qarşı mübarizə aparırdı. Onun satirik şeirləri zamanın güzgüsü olmaqla bərabər, həm də mübarizə vasitəsi idi.

Qasım bəy Zakirin yaradıcılığı mənzum hekayələrlə də zəngindir. Müxtəlif səpkilərdə qələmə aldığı "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır. Onun mənzum hekayələrinin mövzusu isə ülvi məhəbbətdir. Şairin lirik şeirləri dillər əzbəridir. Ən gözəl lirik nümunələrindən biri də "Durnalar" qoşmasıdır. Qoşmada Vətən sevgisi, Vətən həsrəti ifadə olunur.

 

Laçın yatağıdır bizim məkanlar,

Yavaş-yavaş gedin, səsiniz anlar.

Qorxuram toxuna ötən zamanlar,

Sürbəniz dağılıb çaşa, durnalar!

 

Zakir yaradıcılığında təmsillər böyük yer tutur. Bu təmsillər "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "Aslan, Qurd, Çaqqal", "Tülkü və Şir" və digərləridir. Şair təmsillərində, ilk növbədə, şifahi xalq yaradıcılığından,  məşhur hind abidəsi "Kəlilə və Dimnə"dən və digər klassiklərin təmsillərindən bəhrələnmişdir. Zakirin təmsilləri bütün dövrlərlə səsləşir, uyğunlaşır.

Zakir dövrünün şair və yazıçıları arasında böyük nüfuz qazanmışdır. Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Baba bəy Şakir kimi tanınmış ziyalılarla dostluq etmişdir. Gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin ilə də səmimi dostluq münasibətləri olub. Ancaq şairi sevməyən, ona qısqanclıqla yanaşanlar da olub.  Həmin insanlar Zakirin şeirlərində tənqid hədəfi olduqları üçün şairi nüfuzdan salmağa bəhanələr axtarırdılar. Qasım bəy Zakirin qardaşı oğlu Behbud bəy Cavanşir müəyyən səbəblərdən hökumətdən qaçaq düşmüşdü. Şairi isə qardaşı oğlunu evində gizlin saxladığına görə günahlandırırdılar. O üzdən də Zakir təqib olunmağa başlandı. Zakirin oğlu Nəcəfqulu bəyi və qardaşı oğlu İsgəndər bəyi həbs edirlər. Ardınca isə Qasım bəy Zakiri ailəsi və yaxın qohumları ilə birlikdə həbs edib Şuşa həbsxanasına gətirirlər. Bir il Şuşa həbsxanasında qaldıqdan sonra Bakıya sürgün edilirlər. Haqsızlığın və qısqanclığın qurbanı olan şair yaxın dostlarına məktub yazaraq əsassız olaraq həbs edildiyini bildirir. Həmin dövrdə Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı Bakı qubernatoru Mixail Kolyubakin, gürcü knyazı İliko Orbeliani Zakirin sürgündən azad edilməsinə çalışırlar. Həmin şəxslərin ciddi səyləri nəticəsində Qasım bəy Zakir bir neçə ay sonra sürgündən azad edilərək Şuşaya qayıdır.

Qasım bəy Zakirin taleyində baş verən kədərli hadisələr bununla bitmir. 1829-cu ildə oğlu xəstəlik səbəbindən rəhmətə gedir. Oğlunun ölümü şairi qəlbən sarsıdır. Eyni zamanda sürgün olunması şairin müflisləşib acınacaqlı duruma düşməsinə səbəb olur. Qasım bəy Zakir 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".