Adları tarixə yazılan igidlər
Region

Adları tarixə yazılan igidlər

İkinci Qarabağ müharibəsində Vətən naminə canından keçərək 43 yaşında müqəddəslik zirvəsinə ucalan şəhid mayor İqbal Əhmədağa oğlu Bayramovun doğum günü qeyd edilib. Lənkəran rayonunun rəhbər işçiləri, yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın uyuduğu məzarına təzə güllərdən çələng düzüblər.

Vətən sevdalısı İqbal Bayramov Lənkəran rayonu, Hirkan qəsəbəsində anadan olub. Ali təhsilini 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında alıb. Məktəbi bitirən kimi leytenant rütbəsində 1998-ci ildə hərbi xidmətə yollanıb. Əsas məqsədi də erməni dığalardan qisas almaq olub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində baş leytenant hərbi rütbəsində taqım komandiri olaraq xidmət edib. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə təlimlərə qatılıb. 2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində Vətənin keşiyində durub. 2011-ci ildə mayor hərbi rütbəsi almaqla qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb. 7 il Daxili Qoşunların Qəbələ rayonunda, Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissələrində xidmət edib.

Vətən müharibəsində Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən ağır döyüşlərdə xüsusi şücaət göstərib. 5 oktyabrda sonuncu dəfə qələbəyə böyük inamla odun-alovun içinə atılıb. Cəbrayılda gedən bu haqq savaşımız zamanı şəhid olub.

 Onu da bildirək ki, mayor İqbal Bayramov hələ sağlığında dövlət başçısı tərəfindən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına layiq görülüb. Vətən müharibəsində isə göstərdiyi qəhrəmanlığına görə şəhidimiz dövlət tərəfindən "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif edilib.

Doğma Hirkan qəsəbəsində İqbal Bayramovun xatirəsinə ucaldılan bulaq kompleksi indi insanların ən çox getdiyi və ehtiramla ziyarət etdiyi yerdir.

Zəfər ORUCOĞLU.