44 günlük Vətən müharibəsində sağlamlığını qurban vermiş neçə-neçə oğullarımız qazi oldu. Bəziləri ayağını, digəri qolunu, bir başqası gözünü itirdi. Bədənində hələ də fiziki ağrıların olmasına baxmayaraq, onların ürəyində həyat eşqi, Vətən məhəbbəti bir an sönmədi.
Cəlilabad Rayon İcra Hakimiyyətinin baçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, polis şöbəsinin rəisi Polad Qarayev Vətən müharibəsi qazisi Tağıyev Nurlan Əliağa oğlunu evində ziyarət ediblər.
Qeyd edək ki, Nurlan Tağıyev 17 il Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmət edib, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısıdır. N.Tağıyev uzun illər idmanın güləş növü ilə məşğul olub. 9 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə atılan mərmi partlayışı nəticəsində baş nayihəsindən ciddi xəsarət alıb və həkimlərimizin səyi nəticəsində ölümdən xilas edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Tağıyev Nurlan Əliağa oğlu "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Qazi Tağıyev Nurlan Əliağa oğlunun ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ərəstun ABDULOV,
"Respublika".