Region

"AĞ QIZIL" YIĞIMININ QIZĞIN ÇAĞIDIR

Qədim Bərdə rayonunda aqrar sahə yüksək inkişaf edib. Tarixən respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində bərdəlilərin xüsusi rolu olmuşdur.

Rayonda hər il bol məhsulun əldə olunmasının başlıca səbəbləri, münbit torpağının olması, əlverişli iqlim və sözsüz ki, zəhmətkeş insanların yorulmadan çalışmasıdır. Hələ sovetlər birliyi dönəmində rayonun ənənəvi və gəlirli sahələrdən biri olan pambıq istehsalında yüksək nailiyyətlər əldə olunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi sahələr kimi pambıqçılığın inkişaf etdirilməsində bir qədər geriləmə oldu. Son illər isə qeyri-neft sektorunun inkişaf etdirilməsi nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq istehsalının həcmi də ötən illərə nisbətən xeyli artmışdır.

Dövlət tərəfindən fermerlərə verilən subsidiyalar, mineral gübrələrin, kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə fermerlərə satışı, pambığın alış qiymətinin artırılması, eləcə də suvarmada mövcud olan problemlərin aradan qaldırılması pambıqçılığın inkişafını daha da sürətləndirir.

Hazırda rayonda pambıq yığımının ən qızğın çağıdır. Bərdə rayon DAİM-in (Dövlət Aqrar İnkişaf Mərkəzi) direktoru Vüqar İsmayılov bildirdi ki, Bərdədə bütün qüvvələr pambıq yığımına cəlb olunub. Bu təsərrüfat ilində havaların qeyri-sabit keçməsi məhsul yığımını bir qədər ləngitdi. Belə ki, yaz aylarında aramsız yağan yağışlar çiyid səpinini gecikdirdi. Sonrakı aylarda isə temperatur iqlim normasından aşağı oldu. Hazırda havaların yağmursuz keçməsi fermerlərin əl-qolunu açıb. Sübh tezdən gecə yarısınadək tarlalarda pambıqyığan kombaynların səsi sükutu pozur.

"Ağ qızıl" ustaları məhsulun itkisiz və optimal müddətdə yığılması üçün bütün imkanlardan istifadə edirlər.

Direktor bir məsələni xüsusilə vurğuladı ki, ötən təsərrüfat ilində suvarmada mövcud olan problemlər növbəti ildə təkrarlanmayacaqdır. Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabr tarixində aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində bir sutkadan da az müddətdə ərazilərimizin suverenliyi təmin edildi. 30 il işğal altında qalan bölgə üçün strateji əhəmiyyətə malik olan Sərsəng Su Anbarı işğaldan azad edildi. Beləliklə, bölgəyə yeni həyat gəldi.

Növbəti təsərrüfat ilində anbarın suyundan planauyğun şəkildə istifadə etməklə vaxtlı-vaxtında suvarma həyata keçiriləcək, pambıqçılıqda bol məhsulun əldə olunmasına şərait yaranacaq.

Direktor bildirdi ki, 2022-ci ildə 11038 hektar sahədə çiyid səpini aparılıb, hər hektardan orta hesabla 35,55 sentner məhsul əldə olunub. Cari təsərrüfat ilində 8742 hektar pambığa yüksək aqrotexniki qulluq göstərilib.

Fermerlər "P-Aqro" MMC ilə 1850 hektar, "Azərpambıq ASK" MMC 2500 hektar, "MKT İstehsalat Kommersiya" MMC 3970 hektar, "Namaz" MMC 222 hektar, "Azərtəsərrüfat" MMC 200 hektar üçün müqavilə bağlayıblar.

Məhsul yığımına 48 ədəd kombayn cəlb olunub. Hazırda 7810 tona yaxın "ağ qızıl" istehsal olunub. Rayonun qabaqcıl fermerlərindən olan Eyvaz Bəndəliyev hər hektardan 40 sentnerdən yuxarı məhsul əldə edəcəyinə əmindir.

Pambığın daşınması və digər proseslərin həyata keçirilməsi üçün rayonda kifayət qədər kənd təsərrüfatı texnikası mövcuddur. Adıçəkilən şirkətlər fermerlərin işini xeyli asanlaşdırır, şumlamadan başlayaraq çiyid səpinini, aqrotexniki qaydalara uyğun olaraq becərməni, ən nəhayət məhsul yığımını həyata keçirirlər.

Əldə olunan məhsulun dəyəri fermerlərin bank kartına köçürülür. Rayonda yanğın və digər xoşagəlməz hadisələrin qarşısının alınması üçün bütün tədbirlər görülür. Bərdədə "ağ qızıl"ın toplanışı uğurla davam etdirilir.

Vəli VƏLİYEV,

"Respublika".