Azad Laçında 5 seçki məntəqəsi fəaliyyət göstərəcək
Region

Azad Laçında 5 seçki məntəqəsi fəaliyyət göstərəcək

121 saylı Laçın Dairə Seçki Komissiyası laçınlı keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşir.

Seçicilər 109 seçki məntəqəsində səs verəcəklər. Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərovun verdiyi məlumata görə, Laçın şəhərindəki 2 saylı orta məktəbdə və "Laçın Abadlıq" MMC-nin binasında iki, Zabux kənd tam orta məktəbin binasında, Zerti kəndi ərazisindəki sənaye məhəlləsində və Qorçu kəndində inşası aparılan hava limanında üç seçki məntəqəsi yerləşir. Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. Laçında infrastruktur layihələri icra edən şirkətlərin səsvermə hüququ olan işçiləri ilə birlikdə dairə üzrə 6 min nəfər seçici qeydə alınıb. Növbədənkənar prezident seçkilərində 7 nəfər namizəd mübarizə aparacaq. Təşviqat aparmaq üçün bütün namizədlərə lazımi şərait yaradılıb.

Qeyd edək ki, qısa müddət ərzində Laçın şəhərində 408 ailə, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Doğma yurduna sevinclə qayıdan Leyla Məmmədova Laçında dünyaya göz açıb, 1992-ci ildə Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşüb, məcburi köçkün taleyi yaşayıb. Dediyinə görə, 30 il Laçından ayrı yaşasa da, heç vaxt ümidini itirməyib və indi qürur hissi keçirir ki, arzuları gerçək olub. Leyla xanım deyir ki, doğrudur, Laçın hər zaman öz gözəlliyi ilə insanı valeh edib, amma bu dəfə Laçınımı tamam başqa cür gördüm. Laçına qayıdandan sonra burada abad məhəllələr, işıqlı küçələr, gözəl evlər gördüm. Bizim evimizdə də hər cür şərait yaradılıb. Çox şükür ki, həm illərin həsrəti bitdi, həm də çətin günlərimiz arxada qaldı. Fevralın 7-də həyat yoldaşımla birlikdə seçki məntəqəsinə gedəcək və ən layiqli namizədə səs verəcəyik.

Salman ALIOĞLU,

"Respublika".