Region

"İmarət" yenidən qurulacaq

Ağdamda tariximizin açılmayan qatları çoxdur, burada şəhərsalma mədəniyyəti, məqbərə komplekslərinin tikintisi, dulusçuluğun, misgərliyin, nalbəndliyin,  boyaqçılığın mövcud olması, digər tərəfdən isə ana təbiətin yaratdığı gözəllik bir-birinə qovuşmuşdu.

Rayon ərazisində qədim dövrlərdən xəbər verən kümbəzlər, türbələr, daşdan yonulmuş qoç və at fiqurları, məqbərələr, kahalar var idi. Onlardan biri də şəhərdəki qədim İmarətdir. Tarixi mənbələrə görə burada Qarabağ xanlığının banisi Pənahəli xanın nəslindən olan insanlar dəfn edilib. Yazılı mənbələrdə qeyd olunur ki, XVIII əsrin sonları XIX əsrin əvvəllərində İmarət məqbərə-kompleks inşa edilib. Buradakı qədim memarlığın nümunələri hesab olunan türbələr çoxbucaqlı və tağvari quruluşa malik olub. Həmin türbələrdən birində Pənahəli xanın oğlu, Qarabağ xanlığının davamçısı İbrahimxəlil xan dəfn edilib. Xan qızı, dövrünün ziyalı və maarifpərvər qadını, incə naxışlar müəllifi, gözəl şeirlər yazan Xurşidbanu Natəvanın qəbrinin üstündə büstü ucaldılmışdı, atası Mehdiqulu xanın qəbri ilə yanaşı idi. Ümumiyyətlə, İmarətdə xan nəslindən olan 15 nəfər dəfn edilib. Şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, "Məclisi-üns"ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri də burada yerləşir. Ağdamlılar bu müqəddəs guşəni göz bəbəyi kimi qoruyurdular. Burada çinar ağacları əkmiş və meyvə bağı salmışdılar. Bu ərazidə bəlkə də dünyada yeganə təbii ot örtüyü olan futbol stadionu fəaliyyət göstərirdi.

1993-cü il iyul ayının 23-də Ağdam şəhəri və ətraf kəndlər Ermənistan və onun havadarları tərəfindən işğal edildikdən sonra ermənilər İmarətdəki qədim türbələri dağıdıb, buradakı çoxillik çinar və qovaq ağaclarını, bar verən meyvə ağaclarını kəsiblər. Tariximizin bir parçası olan qədim daşları sındırıb, qəbirüstü nişanələri məhv ediblər.

Erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri olan Qarabağ xanlığının banisi Pənahəli xanın imarəti xan nəslinin ilk mülklərindən hesab olunub. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, həmin ərazi Pənahəli xanın imarəti adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb. "Məzlum xalq" kimi özünü gözə dürtən ermənilər azərbaycanlıların mənəvi dəyərlərini təhqir etməkdən çəkinməyiblər, etnik ayrı-seçkilik və nifrət nümayiş etdiriblər, qədim İmarəti yer üzündən silməyə çalışıblar. Bu qədim guşənin xarabalıqları erməni cinayətlərindən xəbər verir.

İndi Ağdamda misli görünməyən miqyasd

a tikinti-quruculuq işləri aparılır və ermənilərin törətdikləri xarabalıqlar arasında dünyada bənzəri olmayan bir şəhər qurulur. İlk növbədə isə tarixi İmarət bərpa edilir. 2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən kompleksin bərpası işlərinə başlanılıb. Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın "ArtCloud Network International s.c.r.l." şirkəti tərəfindən hazırlanıb.

İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Bu kompleksdə aparılacaq bərpa və konservasiya işlərinə mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Biançi rəhbərlik edir. Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib ki, işğaldan azad edilən bütün şəhərlərin Baş planları təsdiq edilib. Bərpa-quruculuq işləri Baş planlar əsasında aparılır və idman obyektlərinin yaradılması da nəzərdə tutulur. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir və stadion əvvəlki yerində deyil, başqa ərazidə yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyir ki, Ağdam şəhərinin mərkəzində tarixi-mədəni ərazi salınacaq. 22,5 hektar ərazini əhatə edən bu məkanda Pənahəli xanın İmarət Kompleksi, Çörək muzeyi, Dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksi olacaq. Ərazinin bir başında İşğal muzeyi, digər başında isə Zəfər muzeyi yerləşəcək. Onların arasında açıq səma altında 18 hektarlıq Memorial bağ olacaq. Biz bütün şəhəri müasir üslubda bərpa etsək də, Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onları olduğu kimi qoruyacağıq ki, gələcək nəsillər bu tariximizi unutmasın, mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələri bilsin. Eyni zamanda, bu xarabalıqlar hər kəsə müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anladacaq. Qürurla deyə bilərik ki, "İmarət" yenə də Ağdamın rəmzinə çevriləcək, yaxın vaxtlarda ağdamlılar öz qonaqlarını bu tarixi məkanda qarşılayacaqlar.

Salman ALIOĞLU,

"Respublika".