Ağcabədi: 120 min tondan çox taxıl istehsal olunub
İQTİSADİYYAT

Ağcabədi: 120 min tondan çox taxıl istehsal olunub

Bərəkətli torpaqları, işgüzar insanları ilə seçilən Ağcabədinin təbiəti də, relyefi də rəngarəngdir. Rayonun şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən isə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ kanalı keçir. Ərazisində şorsulu göl var. Kür çayı sahilində kolluqlar və seyrəlmiş Tuqay meşələri mövcuddur. Əlbəttə, bunlar da əkinəyararlı torpaqlarda məhsul istehsalına müsbət təsir göstərir.

Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının ən iri istehsalçısı olan Ağcabədidə son illərdə aqrar sahədə müasir təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılır, dövlət qayğısı sayəsində fermerlər keyfiyyətli məhsul istehsalını artırırlar. Rayonda fəaliyyət göstərən aqropark və digər təsərrüfatların əldə etdiyi yüksək məhsuldarlıq fermerlərin innovativ becərmə üsullarına marağının artmasına səbəb olur. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir əkinçilik metodları ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Regional inkişafa dair Dövlət Proqramı bölgələrin sosial-iqtisadi həyatında köklü dəyişikliklərə, yeni iş yerlərinin açılmasına, həyat şəraitinin yaxşılaşmasına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, su mənbələrindən səmərəli istifadə edilməsinə, müasir texnologiyaların tətbiqinə yeni bir stimul yaradır. Bu, Ağcabədi rayonunda daha çox hiss olunur. Rayonun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda uğurlu nəticələr əldə edilir. Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, texnika və pul ödəmədən toxum, gübrə almaq imkanlarına malik olması,əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya verilməsi kənd təsərrüfatının inkişafına, sözün həqiqi mənasında, güclü təkan verir.

Uzun illərdir ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Pambıqçılığın inkişafına verilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Dövlət qayğısı sayəsində Ağcabədi respublikada ən çox pambıq istehsal edən rayonlar arasında layiqli yer tutur. Rayonda pambıqçılıq sahəsində gözəl təcrübə, yaxşı ənənələr mövcuddur. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, bu il rayonda 1514 nəfər istehsalçı ilə emal müəssisələri arasında müqavilə bağlanıb. Əkin üçün 11 min 492,7 hektar ərazi şumlanıb, optimal müddətdə çiyid səpini həyata keçirilib. Fermerlərin qənaətinə görə, pambıq tarlalarından bol məhsul gözlənir. Çünki çiyid səpini aparılan ərazilərdə düzgün aqrotexniki qulluq aparılıb, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə təşkil edilib. Fermerlərə gübrə və keyfiyyətli toxum verilib. Eyni zamanda, 2023-cü il üçün subsidiya əmsalları barədə qəbul olunmuş qərara əsasən pambığa görə məhsul subsidiyasının qiyməti hər ton üçün 180 manat təyin olunub. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı və tövsiyələrinə əsasən pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər tərəfindən pambığın alış qiyməti artırılaraq 1-ci sort üçün 800 manat, 2-ci sort üçün 780 manata çatdırılıb.

Pambığın ixrac potensialı yüksək olduğundan kifayət qədər alıcısı da var. Qeyd edək ki, ötən il Ağcabədidə pambıqçılıqda yüksək məhsuldarlığa nail olunub. Belə ki, Ağcabədi rayonunda 11 min 838,6 hektar sahədə çiyid səpini aparılıb, bu da əvvəlki illə müqayisədə 7,6 faiz çox olub. Tarlalardan 40 min 424,4 ton xam pambıq tədarük edilib və hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil edib. Bu da orta respublika göstəricisindən 4,2 sentner çoxdur.

Ağcabədi həm də ölkəmizin ən iri taxılçılıq rayonlarından biridir. Rayonun taxılçıları dövlət dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyalarının tətbiqi ilə hər hektarın məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını ilbəil artırırlar. Respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və həyata keçirilən islahatlar nəticəsində son illər kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlib və bu sahənin inkişafında əhəmiyyətli uğurlar əldə edilir. Məlum olduğu kimi, dövlət başçısının qarşıya qoyduğu vəzifə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, valyuta axınının qarşısının alınması, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Ağcabədidə taxılçılığın da inkişafına xüsusi diqqət verilir. Taxıl ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm strateji məhsul hesab edilir. Ağcabədi taxılçıları bu istiqamətdə öz qüvvələrini səfərbər edir, məhsul bolluğu üçün səy göstərirlər. Taxılçılığa göstərilən dövlət dəstəyi təbii ki, nəticəsiz qalmır. Rayonun fermer təsərrüfatları və torpaq mülkiyyətçiləri cari ildə 26 min 664,2 hektar sahədə taxıl becəriblər. Onun 19 min 514,2 hektarı buğda, 7150 hektarı isə arpadır. Taxıl biçini yüksək məhsuldarlıqla başa çatdırılıb, biçinə ümumilikdə rayon üzrə 56 taxılbiçən kombayn cəlb edilib. Bu günədək 26 min 654 hektar sahədə biçin aparılıb, 120 min 663 ton məhsul əldə olunub. Hər hektarın orta məhsuldarlığı 45,4 sentner təşkil edir. Məhsuldarlıq ötən ilin orta göstəricisindən buğda üzrə 5,53 sentner çoxdur.

Təbii ki, taxıl istehsalının artırılmasında xəstəliyə davamlı və məhsuldar toxum böyük əhəmiyyət daşıyır. Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə hazırda Dövlət Toxum Fondunun tabeliyində 5 toxum emalı zavodu fəaliyyət göstərir ki, onlardan biri də Ağcabədi rayonundadır. Bu da yerli fermerlərə yüksək məhsul əldə etməyə münbit şərait yaradır. Taxılçıların alın təri, zəhməti hesabına yaradılan bolluq və bərəkət süfrələrimizi bəzəyir, gələcək xoş günlərdən xəbər verir.

Salman ALIOĞLU,

"Respublika".