Ağdama ilk köç gələn il başlayacaq
Sosial həyat

Ağdama ilk köç gələn il başlayacaq

Birinci Qarabağ müharibəsində işğal altına düşən Ağdamda Ermənistanın törətdiyi vəhşiliklərin həddi-hüdudu yoxdur. Azərbaycanın bu qədim və varlı şəhəri xarabalığa çevrilib, otuz ilə yaxın ermənilərin kirli caynaqlarında boğulub. Muğam və mədəniyyət beşiyi olan Ağdam zorakılıqla dağıdılıb, burada daş üstündə daş qalmayıb. Erməni canilərin, Robert Köçəryanın, Serjik Sərkisyanın birbaşa rəhbərliyi ilə Ağdam kabus şəhərə, "Qafqazın Xirosimasına" çevrilib. Bir vaxtlar qaynar həyatın olduğu şəhər uzun illər sükuta qərq olub və buna görə də Ağdamı "ruhlar şəhəri"nə bənzədiblər. Prezident, qalib Ali Baş Komandan İlham Əliyevin diplomatik və sərkərdəlik bacarığı ilə Ağdam İkinci Qarabağ müharibəsində bir güllə atılmadan işğaldan azad edilib. Böyük bir şəhərin qalıqları və dəhşətli viranəlik erməni faşizminin nə qədər təhlükəli olduğundan, onların xəbis niyyətindən xəbər verir. Düşmənin qəddarlıqla dağıtdığı Ağdam ermənilərin müharibə cinayətlərini bütün dünyaya nümayiş etdirir.

İki il yeddi aydır ki, Ağdamda tikinti-quruculuq işlərinə başlanılıb, burada çox böyük infrastruktur layihələr icra edilir. Yaralar nə qədər dərinə işləsə də Ermənistanın xarabalığa çevirdiyi yurd yerimizdə yeni Ağdam, modern "ağıllı şəhər" salınır və burada 100 min nəfər sakinin yaşaması nəzərdə tutulub. Baş plana görə, şəhərə onun "tarixi hüdudlarından başqa" 8 kənd də birləşdirilib. Ağdamda 1750 fərdi evin və 23 min mənzilin inşası aparılacaq. Göründüyü kimi, şəhər sakinlərinin üçdəbiri fərdi evlərdə yaşayacaq. Həm də fərdi evlər daha böyük həyətyanı sahə ilə təmin olunacaq.

Eyni zamanda, burada hamının suvarma suyu olacaq. Yeri gəlmişkən, artıq su xətlərinin yeri, haradan keçəcəyi müəyyən edilib. Plana əsasən hər bir torpaq sahəsinin də suyu olacaq və bu da imkan verəcək ki, Ağdamın sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə öz həyətyanı sahələrində işlərini apara bilərlər. Ağdamın Baş planına əsasən şəhərin ətrafı sıx, müasir bağlarla əhatə olunub. Şəhər ətrafında səfalı yerlərdən biri olan Şahbulaq ərazisi elə qurulur ki, şimala doğru ətrafındakı bağlar Şahbulaq qalasına və Xaçınçaya qədər uzanacaq. Şəhərdə Dağüstü park salınacaq, bir sözlə yeni Ağdam cənnətə oxşayacaq - Venesiyadakı kimi kanalları, şəlalələri ilə. Həm də Ağdamda yenidənqurma işləri elə bir səviyyədə həyata keçirilir ki, düşmənə gözdağı olsun.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilir ki, Ağdam şəhərində birinci fazada məcburi köçkünlər üçün dövlət tərəfindən çox böyük yaşayış məhəllələri salınır. Belə ki, Ağdamda hazırda 1-ci yaşayış məhəlləsi üzrə layihələr icra olunur. Bu yaşayış məhəlləsi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin "İmarət" adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır. Burada tikiləcək 1139 mənzildə 3068 nəfər məskunlaşacaq. Yəni ilk mərhələdə Ağdama 10 min nəfərin köçü baş tuta bilər. Ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin isə ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Həmin layihə 2025-ci ildə tamamlanacaq. 3-cü yaşayış məhəlləsi isə daha geniş ərazidə olacaq. Ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239 mənzil olacaq. Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internetlə təmin ediləcək. Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.

Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış məhəllələri isə layihələndirmə mərhələsindədir. Dördüncü yaşayış məhəlləsində 892 mənzil inşa ediləcək və həmin evlərə 3835 nəfər köçürüləcək. Şəhərin şimalında salınacaq beşinci yaşayış məhəlləsində 1034 mənzil inşa ediləcək və 4446 sakinin ixtiyarına veriləcək. Ümumiyyətlə, Ağdam şəhərinin ərazisinin 23 faizi yaşıllıq zonaları - meşə və parklardan ibarət olacaq. Onun müxtəlif istiqamətlərdə 6 giriş-çıxış yollu olacaq. Əsas üstünlük isə daha çox piyada yollarına veriləcək. Yəni şəhərdə piyada və velosiped yollarından geniş istifadə olunacaq. Ağdam şəhəri ərazicə geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur.

2021-ci il mayın 28-də Prezidentimiz İlham Əliyev işğaldan azad edilən Ağdama səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə şəhərin Baş planı təsdiq olundu, dövlətimizin başçısı yenidən qurulacaq Ağdam şəhərinin təməl daşını qoydu və bildirdi ki, Ağdam dünyanın ən gözəl şəhərlərindən biri olacaq, həm də qeyri-adi gözəlliyi ilə başqalarından seçiləcək. İki il yeddi aydır ki, Ağdamın inkişaf və quruculuq dövrü başlayıb, burada ən zəruri kommunikasiya və sosial infrastrukturların inşası başa çatdırılıb və 2026-cı ilin sonunadək nəinki Ağdam şəhərinə, eləcə də ətraf kəndlərə insanların qayıtmasını təmin etmək əsas məqsəddir. Həmin il Ağdam şəhərinə və ətraf kəndlərə 42 min adamın köçürülməsi nəzərdə tutulub. Adının mənası günəş şüaları ilə nurlanmış şəhər olan Ağdamın yeni tarixinin ən dəyərli səhifələri yazılır, Qarabağın giriş qapısı hesab edilən Ağdamda gələcək naminə çox genişmiqyaslı işlər həyata keçirilir.

Salman ALIOĞLU,

"Respublika".