Ağdamda doğulub Xocalıda şəhid oldu
Sosial həyat

Ağdamda doğulub Xocalıda şəhid oldu

Torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canından, qanından keçən qəhrəmanlarımız hər zaman yaddaşlarda əbədi yaşayacaqlar. Düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək hər birimizin ən müqəddəs vəzifəsi və borcudur.

Məzahir Əbilov Birinci Qarabağ müharibəsində erməni işğalçıları ilə qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olmuş  polis əməkdaşlarından biridir. Əbilov Məzahir Yaqub oglu 1969-cu ildə Ağdamın Muğanlı kəndində anadan olub. Məzahir kəndin sayılan, hörmətli gənclərindən olub. Həmişə vətənpərvərliyi ilə  seçilib. 1987-1989-cu illərdə sovetlər birliyində hərbi xidmətdə olub. Qarabağ hadisələri başlayan vaxtlarda da Məzahir kənddə yaradılan postlarda fəallıq göstərib. 1990-cı ildən Xocalı polis alayına qoşulub. Qarabağın kəndlərinin qorunmasında düşmənlərlə mübarizə aparıb.

Bütün döyüşlərdə həmişə qəhrəmanlıqla tanınıb. Məzahirin son döyüşü Xocalının işğalı zaman olub. O da başqa Xocalı polisləri ilə birlikdə igidliklə düşməni qarşısında döyüşüb. Onlarla qız gəlini Xocalıdan dağ yolu ilə Arazəmi Naxçıvanik ərazisindən keçirərək yenidən Xocalıya insanları xilas etməyə qayıdıb. Düşmənlə qabaqlaşan Məzahir ağır yaralanıb və düşmən onu əsir götürüb. Məzahir və bir neçə silahdaşı düşmən tərəfindən amansızcasına öldürülüb.

Məzahir Əbilovun anası Qənirə Əbilovanın xatirələrindən: Erməni quldur dəstələri Xocalı şəhərini top atəşinə tutanda Məzahir polis yoldaşları ilə birlikdə qarlı gecədə mühasirəyə düşmüş uşaqların, qadınların və yaşlı insanların xilas olunmasına kömək edərkən ermənilər tərəfindən qətlə yetirilib. Bir gecədə Xocalı kimi şəhər yerlə-yeksan edildi, yüzlərlə günahsız insan amansızcasına öldürüldü. Qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. Odur ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması ədalətsizlikdir. Xocalı ilə Ağdam arasında Qarqar çayı var. Həmin gecə döyüş yoldaşları ilə birgə uşaqları, qadınları, qocaları Ağdamın Şelli qayasına keçiriblər. Oğlum və hərbçi yoldaşları deyirdilər ki, mühasirəyə düşsək, axırıncı gülləni özümüzə vurmalıyıq. Onlar mühasirəyə düşüblər. Biz ümidlə gözlədik ki, Məzahir nə vaxtsa gələcək, amma bizə qara xəbər gəldi. Ermənilər 26 nəfəri sıraya düzüb güllələmişdilər. Biz onun nə ölüsünü, nə də dirisini tapdıq".

Bu gün Məzahirin ruhu şaddır. Onun vaxtilə vuruşduğu torpaqlarda Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Heç bir şəhidin qanı yerdə qalmayıb. İşğal olunan torpaqlarımız geri alınıb və o torpaqlarda həyat yenidən başlayıb. 

M.MİRZƏ,

"Respublika".