Ana dili sevgisi
Digər xəbərlər

Ana dili sevgisi

Dili yaşadan xalqdır, bu dildə danışanlardır. Hər bir xalq öz milli mental dəyərlərinə, adət-ənənəsinə diqqət və qayğı ilə yanaşmalıdır. Məşhur dilçi alim Vilhelm fon Humboldtun "dil işarələr haqqında elmdir" fikri hər dövr üçün öz aktuallığını qoruyur və qoruyacaqdır. Sistemləşmiş, doğma Ana dilimiz də bu təkamül prosesindən keçmişdir.

Müstəqil və çağdaş Azərbaycan Respublikasınını dövlət dili Azərbaycan dilidir. Tarix boyu yadellilərin işğalı və istilası dilimizin müstəqil istifadəsini məhdudlaşdırsa da, hürriyyətimizə hər qovuşduğumuzda ilk olaraq dilimizi dövlət dili kimi elan etmişik.

Şah İsmayıl Xətai ilk dəfə Azərbaycan dilini dövlət dili elan etmiş, daha sonra Şərqdə ilk Demokratik Cümhuriyyət yaradılanda dövlət dili Azərbaycan dili olmuşdur. Lakin bütün bunlar yarımçıq qalmışdır. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə dilimizdə, dilçiliyimizdə, ümumiyyətlə bütün sahələrdə özünə qayıdış prinsipi yenilənmişdir.

Heydər Əliyevin dövlətə və dövlətçiliyə olan sevgisi, xalqına, onun dilinə olan məhəbbəti həyatının ayrılmaz tərkib hissəsi idi. Ulu öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi 21-ci maddədə öz əksini tapdı. 2001-ci ildə Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 506 saylı fərman, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi Heydər Əliyevin ana dilinə olan sevgisinin ən bariz nümunələrindən sayıla bilər. Dali liderin ölçüyəgəlməz, sərhəd tanımaz intellekti dil siyasətində mühüm yer tutur. Azərbaycan dilinin təkmilləşməsində siyasi-ideoloji, uzaqgörən düşüncələri ilə misilsiz xidmətlər göstərən Heydər Əliyev doğma dilinin tərəqqisi yolunda dayanmadan, yorulmadan mücadilə aparmışdır. Onun dil siyasətinin məhvərində ilk olaraq vətənə, xalqa, dövlətə, doğma dilinə olan sevgi dayanırdı. Bu sevgi müasir Azərbaycanı daha da qüdrətli görməyə, dünya arenasında öz yerini tutmağa, möhkəmliyini və hürriyyətini isbat etməyə yönəlmişdi.

Azərbaycan gəncləri ilə görüşündə "Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun" deyən  Heydər Əliyevin nə qədər uzaqgörən bir lider, siyasətçi olduğunu görürük. Bu gün dünyanın ən nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr, respublikamızın ali məktəblərində oxuyan gənclər fəaliyyətlərində ulu öndərin tövsiyələrini rəhbər tuturlar.

44 günlük İkinci Qarabağ savaşında sosial platforma cəbhələrində mübarizə aparanlar arasında da məhz xarici dil bilikləri olanlar üstünlük təşkil edir, sanki bütün dünya ilə mübarizə aparırdılar. Heydər Əliyevin dil siyasəti öz bəhrəsini verdi. Öz dilimizdə düşündüyümüz, bildiyimiz həqiqətləri ingilis, rus dilində dünyaya çatdırdıq.

Heydər Əliyev siyasi məktəbinin davamçısı İlham Əliyev gənclər siyasətini uğurla həyata keçirir. Dövlət təqaüdü ilə xarici ölkələrdə təhsil almaq imkanı olan Azərbaycan gənci artıq Şekspiri ingilis dilində, Puşkini rus dilində, Höteni alman dilində, Servantesi ispan dilində, Rəşad Nuri Güntəkini türk dilində, Aytmatovu qazax dilində oxuya bilir. Heydər Əliyevin arzuları gerçəyə dönür. Bütün varlığı, ruhu ilə Azərbaycana bağlı olan əbədiyaşar Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam" kəlamı əsrlərlə bütün dillərdə səslənəcək.

Nə qədər bu xalq varsa, Heydər Əliyev də var olacaq və yaşayacaq!

Günel HÜSEYNOVA,

Azərbaycan Dövlət Pedaqoji

Universiteti nəzdində Azərbaycan

Dövlət Pedaqoji Kollecinin müəllimi.