Ana dili ulu öndər Heydər Əliyev üçün hər zaman müqəddəs olub
Digər xəbərlər

Ana dili ulu öndər Heydər Əliyev üçün hər zaman müqəddəs olub

Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi təşkil edirdi. Heç kimə sirr deyil ki, bu, sovet hakimiyyəti illərində nə qədər həssas məqam idi. Amma xalqımızın böyük oğlu Heydər Əliyev heç nədən çəkinməyərək bu işləri qətiyyətlə həyata keçirirdi. Təbii ki, bu da dahi liderin xalqına, doğma Vətəninə olan sonsuz sevgisindən irəli gəlirdi.

Ulu öndər yaxşı bilirdi ki, xalqımızın milli mənlik şüurunun inkişafında, özünüdərkində ana dilinin əvəzsiz rolu vardır. Eləcə də, dünyanı fəth edən ədəbiyyatımızın yaranması və inkişafı da bilavasitə dilimizlə bağlıdır. Məlumdur ki, sovetlər dönəmində rus dili hakim idi, bütün rəsmi tədbirlərdə rus dilində danışılırdı və bu, bir ənənə halını almışdı. Sovet ittifaqına daxil olan respublikaların rəhbərləri arasında bu stereotipi sındıran ilk şəxs Heydər Əliyev oldu. Ulu öndər 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində böyük cəsarət göstərərək öz ana dilində - Azərbaycan dilində çıxış etdi. Onun bu qətiyyətli addımı xalqda milli ruhu oyatdı. Ulu öndər bununla xalqının kimliyini ortaya qoymuş oldu.

1970-ci illərin ortalarından SSRİ rəhbərliyi ittifaqa daxil olan respublikaların milli dil məsələsinə ehtiyatla yanaşır, bunu sıxışdırıb aradan çıxarmağa çalışırdılar. Hətta elə bir şərait yaranmışdı ki, respublika rəhbərləri bu məsələyə toxunmağa belə qorxurdular. Məhz həmin dönəmdə ulu öndər cəsarətlə öz mövqeyini bildirdi. Belə ki, 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-in yeni konstitusiya layihəsini hazırlayaraq ümumxalq müzakirəsinə verdi. Ümumxalq müzakirəsindən sonra - 1978-ci ildə  Azərbaycan SSR-in Konstitusiyası qəbul edildi. Burada məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü və gərgin mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa öz əksini tapdı. Beləliklə, Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” kimi qeyd olundu. Həmin vaxt bu, SSRİ rəhbərliyində etiraza səbəb oldu və bildirildi ki, digər respublikalarda belə bir şey yoxdur. Amma Heydər Əliyev Moskvanın qarşısında qətiyyətlə dayanaraq Azərbaycan dilinə dövlət dili statusu qazandırdı. Bu addım Heydər Əliyevin xalqımız, dövlətimiz, Vətənimiz qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Bununla ulu öndər milli varlığımızı təmin etmiş oldu.

Heydər Əliyev həmin dövrlərdə dilimizin qorunması, zənginləşdirilməsi, bu sahə üzrə peşəkar mütəxəssislərin hazırlanması istiqamətində də mühüm işlər görürdü. Dilçi alimlərə yüksək diqqət və qayğı ilə yanaşır, ana dilində kitabların sayının çoxaldılmasına çalışırdı. Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ana dili ulu öndər üçün vacib məsələ olmuşdur. Onun təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində dövlət dili Azərbaycan dili kimi öz əksini tapmışdır. Eləcə də dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında imzalanmış fərman və sərəncamlar, 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qəbul edilməsi dövlətimizin dil siyasətinin müəyyənləşməsində və möhkəmləndirilməsində əhəmiyyətli rol oynamışdır”.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.