Haylar xülyalarındanəl çəkməlidirlər
Digər xəbərlər

Haylar xülyalarındanəl çəkməlidirlər

Hazırda mərhələlərlə sakinlər Laçına  köçürülüb. İlin sonuna qədər bu sayın artırılması gözlənilir. Şübhəsiz ki, Laçına yerli əhalinin qaytarılması Ermənistanın bu istiqamətdəki nəzəri iddialarını alt-üst edəcək və sərhədlərin müəyyən olunması məsələsinə də müsbət təsir göstərəcək. Eləcə də Xankəndi və ətraf ərazilərdə yaşayan separatçıların da Laçının məskunlaşmasından sonra bölgədə manevr imkanları azalacaq. Çünki bölgəyə əhali ilə yanaşı, dövlət orqanları da köçürüləcək. Bu da gələcəkdə çox asanlıqla Xankəndi və digər ərazilərin sürətli şəkildə Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə təsir göstərəcək. Əlbəttə, vətəndaşlarımızın burada məskunlaşması və tam şəkildə dövlət orqanlarının orada təmin edilməsi ətraf ərazilərin də yaxın gələcəkdə qurulmasına imkan yaradacaq.

Laçın yolu ölkəmizin suverən ərazisi və sülhə gedən ən böyük yollardan biridir. Elə buna görə də haylar çirkin əməllərə əl ataraq bölgədə sülhə maneə törədir, Laçın yolunun guya təhlükəli olduğunu ictimaiyyətə çatdırmağa çalışır. Bununla yanaşı, bölgədə şou göstərərək vəziyyəti daha da gərginləşdirir. Lakin erməni qüvvələri unutmamalıdır ki, Laçın yolu terrorçuların, silah-sursat daşıyanların yolu deyil. Azərbaycan tərəfi buna əsla icazə verməz. Bu günlərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamda iştirak etmiş Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb. Vaqif Xaçaturyan erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, piyadaların döyüş maşınından istifadə edərək həmin kəndə silahlı basqın törədib. Nəticədə həmvətənlimiz olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Şübhəsiz ki, mənfur niyyətlərlə məntəqəyə yönələn hər bir erməni vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən saxlanılacaq. Xaçaturyanla birgə kimlərin həmin qanlı soyqırımında əlləri varsa, hər biri cəzasını çəkəcək.

Ermənistan son zamanlar Ağdam-Xankəndi yolunda da şoular göstərməyə başlayıb. Belə ki, Ermənistan tərəfi rəsmi Bakıya xəbər vermədən torpaqlarımıza icazəsiz maşınlar keçirməyə cəhd göstərir və məlumatın verilməməsini özləri də etiraf edirlər. Bu da onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat şousudur. Ötən günlərdə İrəvandan Qarabağa göndərilən onlarla yük maşını Azərbaycanla sərhəddədir. Ermənistan baş naziri Nikol Paşinyanın iddiasına görə, 360 tonluq "humanitar yardım" olduğu bildirilən yük sərhəddə gözləmə mövqeyindədir. Hayların "səlahiyyətli" nümayəndəsi Vardan Sarkisyan bildirib ki, Ermənistanın sərhəd-keçid məntəqəsindən buraxılıblar və hazırda iki ölkənin sərhəd-keçid məntəqələri arasında gözləyirlər. Vardan Sarkisyan, həmçinin bildirib: "Rusiya sülhməramlıları ilə əlaqə yaratmışıq. Cavab gözləyirik. Prosesə əlavə təsirlərin olduğunu nəzərə alsaq, bir qədər səbirli olmalıyıq. Cavab gələnə qədər yük maşınları sərhəddə gözləyəcək".

Burada niyyət vəziyyəti gərginləşdirib, qərəzli siyasi qüvvələri regiona gətirməkdir. Bununla yanaşı, indi də haylar avtobus şousuna başlayır. Belə ki, erməniləri Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Məqsəd isə Qarabağdakı erməni əhalisinin Ağdam-Xankəndi marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaqdır. Çünki Ermənistan tərəfi Laçın yolundan hərbi məqsədlərlə istifadə etmək şanslarını tamamilə itirib və yenidən bölgədə "at oynatmağa" çalışırlar. Lakin haylar unudur ki, bu, bir xəyaldır. Bundan sonra istər Laçın yolunda, istərsə də bölgədə istədikləri qaydalarla hərəkət edə bilməyəcək və Azərbaycan Respublikasının Konstitusiyasına, qayda və qanunlarına uyğun hərəkət etmədikləri təqdirdə, qanunvericiliyə əsasən cəzalandırılacaqlar.

Töhfə SƏMƏDOVA,

"Respublika".