Anklavlar məsələsi delimitasiya və demarkasiya prosesi çərçivəsində həllini tapmalıdır
Siyasət

Anklavlar məsələsi delimitasiya və demarkasiya prosesi çərçivəsində həllini tapmalıdır

İkinci Qarabağ müharibəsindən üç ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır.

Nikol Paşinyan hakimiyyətinin prosesə laqeyd yanaşması sülh sazişinin imzalanmasına əngəl törədir. 10 noyabr bəyanatının əsas müddəalarından biri də sərhədlərin delimitasiya və demarkasiyasıdır. Lakin Hayastan bu prosesi hələ də yubadır.

Ermənistan hökumətinin bu addımları onun məkrli siyasətinin təzahürüdür. Ölkənin baş naziri müxtəlif platformalarda sözdə sülhə maraqlı olduğunu bildirsə də indiki şəraitdə bu istiqamətdə heç bir addım atmır, qərbyönümlü siyasət yeridərək hər vəchlə buna mane olmağa çalışır. Rəsmi İrəvan dərk edir ki, sözügedən sənəd Ermənistanın üzərinə beynəlxalq və ikitərəfli hüquqi öhdəliklər qoyur. Bu baxımdan, qarşı tərəfin delimitasiya və demarkasiya prosesini uzatması heç də təəccüb doğurmur.

Delimitasiya prosesində mühüm məsələlərdən biri də anklavlardır. Belə ki, ermənilərin işğalı altında olan 8 kəndimizin geri qaytarılması ilə bağlı müzakirələr hələ də davam edir. Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı və Xeyrimli kəndləri Qazax rayonunun yaşayış məntəqələri olub. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununa aiddir.

İki ölkə arasında anklavlarla bağlı danışıqların intensivləşdiyi bir zamanda erməni apostol kilsəsi Tovuz yeparxiyasının rəhbəri Baqrat Srbazanın və yeparxiyanın digər nümayəndələrinin qondarma "Voskepar" adlandırdıqları Aşağı Əskipara kəndinə gəlməsi müzakirələrə səbəb olub. Bu barədə Tovuz yeparxiyasının rəhbəri Baqrat Srbazan paylaşım edib. Xatırladaq ki, sözügedən kənddə vaxtikən Ermənistanın razılığı ilə yerləşdirilən Rusiya sərhədçiləri üçün 2021-2022-ci illərdə obyektlər inşa edilmiş, blokpostlar qurulmuşdu.

Hələ Birinci Qarabağ savaşında işğal edilən və anklav olan kəndlərimiz Ermənistanın Tovuz və Ararat vilayətlərinin əhatəsində yerləşir. Ermənistanın törətdiyi vandal aktlarla əlaqədar olaraq hazırda həmin kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Buradakı əhali Qazax rayonuna üz tutub. Xüsusi vurğulamaq lazımdır ki, anklavlar hələ keçmiş sovet dövründə formalaşıb. Ölkəmiz haqlı olaraq bu gün həmin kəndlərin geri qaytarılmasını tələb edir. Nikol Paşinyan hakimiyyəti hazırda ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, bu ərazilərin qaytarılmasının mühümlüyünü də dərk etməlidir. Dövlətimizin kəndlərlə bağlı haqq səsinə beynəlxalq ictimaiyyət də dəstək göstərir. Bu yaxınlarda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın işğalı altında olan Azərbaycanın 8 kəndinin qaytarılması məsələsi barədə danışarkən deyib: "Bu kəndlərin statusu ilə bağlı Ermənistanda da müxtəlif fikirlər var. Delimitasiya prosesi zamanı bu məsələlər öz həllini tapmalıdır".

Bir məqamı da qeyd edək ki, Ermənistanın baş naziri delimitasiya və demarkasiya prosesini 1975-ci ilin xəritələri əsasında həll etmək xülyası qurur. Sözügedən xəritələr isə ölkəmiz üçün məqbul deyil. Çünki 1975-ci ilin xəritələrində anklavlar əks olunmayıb. Bütün bunlar bir daha Hayastanın demarkasiya və delimitasiya işlərini anklavlar istisna olmaqla aparmaq istədiyinin təzahürüdür. Azərbaycanın bu məsələdəki mövqeyi ondan ibarətdir ki, prosesin 1990-1993-cü illərin xəritələri əsasında aparılması daha məqsədəuyğundur. Belə olduğu təqdirdə isə dövlətimizin haqlı tələbləri yerinə yetiriləcək. Bu gün Ermənistan hakimiyyəti həmin torpaqların Azərbaycana məxsusluğundam xəbərdardır. Bu baxımdan, Nikol Paşinyan bu ərazilər hansı xəritədə əks olunmayıbsa, onu irəli sürür.

Sonda isə vurğulayaq ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında Brüsseldə baş tutan görüş də düşmən ölkənin delimitasiya prosesindən yayınmasına təsir edəcək. Qərbin belə görüşlər keçirməkdə məqsədi də məhz bundan qaynaqlanır.

Nəzrin ELDARQIZI,

"Respublika".