Erməni “simpatizan”ları xəbis əməllərindən əl çəkmirlər
Digər xəbərlər

Erməni “simpatizan”ları xəbis əməllərindən əl çəkmirlər

Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu, əlbəttə, təsadüfi deyil. Getdikcə güclənən Azərbaycan və müharibədən sonra işğaldan azad olunan ərazilərdə görülən möhtəşəm quruculuq işləri erməni lobbisini narahat edir. Lakin unutmamaq lazımdır ki, bu cür təxribatçı addımlar müharibədən əvvəlki dövrdə atılıb. Xaricdə getdikcə artan erməni lobbisi həmişə özünə isti yuva tapmağı bacarıb. Bəzən beynəlxalq təşkilatlarda separatizmə açıq dəstək verənlər, bəzən də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və soydaşlarımıza qarşı terror cəhdlərinə susan bəzi qurumlar erməni “simpatizan”ları rolunda çıxış edirlər.

Erməni "simpatizan"ı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları "5-ci kalon" üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir. Zaman-zaman siyasi arenada səslənən heç bir hüquqi əsası olmayan böhtan dolu çıxışlar, bəzən də çirkinləşərək idman sahəsində özünü açıq büruzə verib. 2015-ci ildə Kyokuşin-karate üzrə keçirilən dünya çempionatında erməni idmançının təltifetmə mərasimində kürsüyə xunta rejiminin "bayrağ"ı ilə çıxmasına həmin "simpatizan"lar rəvac verib.

Müharibədən sonrakı dövrdə isə bu simpatiyanın təsiri ikiqat hiss olunur. Vaxtilə özünü neytral adlandıran qüvvələr indi ölkəmizə qarşı cəbhə tutmağa başlayır. Başda Fransa kimi müstəmləkəçilik siyasəti yürüdən ölkə timsalında bəzi güclər mövcud tablonu öz xeyirlərinə dəyişmək istəyirlər. Bəziləri Cənubi Qafqazda pay sahibi olma məqsədləri güdür, digərləri isə ölkəsinin və özünün itirilmiş imicini bərpa etmək istəyir. Bir qismi isə öz müstəmləkəçilik siyasətinə humanist don geyindirməyə çalışır. Fransa isə nə "xoşbəxtdir" ki, bunların üçünü də eyni anda edir. Bu baxımdan, Fransa "simpatizan" qüvvələr sırasında ən yüksəkdədir.

Digər bir erməni lobbisinin üstün olduğu dövlət heç şübhəsiz, ABŞ-dır. Burada lobbiçilər azərbaycanlılara qarşı terror əməlləri törətməkdən çəkinmirlər. Həmçinin imic olaraq da soydaşlarımıza psixoloji zərbə vurmaq istəyən lobbiyə ABŞ konqressmenləri güclü dəstək verir. Erməni çirkabında batmış bu şəxslər tanımadıqları bir xunta rejiminin adının küçəyə verilməsinə də səssiz qaldılar. Deməli, bu arena da ziddiyyətlərlə doludur. Bu ikipalatalı qanunverici dövlət hakimiyyət orqanının ikibaşlı siyasət yürütməsi normal haldır.

Erməni lobbisinin əsas mərkəzlərindən biri olan Livan erməni kilsəsinin böyük kilikiya kotolikosluğunun yerləşdiyi ərazidir. Heç təəccüblü deyil ki, həmin kilsənin başçısı 1-ci Aramın Azərbaycana qarşı düşmən mövqeyi və erməni faşizminin əsas ideoloqlarından biri olduğu da unudulmamalıdır. Bu şəxs iki həftə öncə Azərbaycanın əleyhinə ciddi ittihamlar səsləndirib, erməni terrorçularını, həmçinin revanşist qüvvələri Azərbaycana qarşı birləşərək səfərbərliyə çağırıb. Avqustun 31-də Livandakı Azərbaycan səfirliyinə erməni hücumu da bu baxımdan təəccüblü deyil. ASALA-nın "sələf"i olan erməni lobbisi bu ölkədə geniş yayılıb.

Daha bir "simpatizan" ölkə bizə qonşu Ermənistana qohum olan İrandır. Hələ müharibədən əvvəlki dövrdə Erməni tərəfi ilə öpüşüb-görüşən İran rəhbərləri fonunda hökumət islama ləkə missiyasını uğurla yerinə yetirir.

Müharibə vaxtı ermənilərə silah-sursat yardımı etdiyi ifşa olunan İran "blokada" şousunda da səssizcə öz ikiüzlülüyünü göstərir. Qeyri-rəsmi məlumatlara görə, 70 milyondan artıq əhalisi olan İranda 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1,2 milyon ərəb və 100 min erməni yaşayır. İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Haylara bu qədər imtiyaz verən farslar ermənidən artıq erməni olmaq məqsədlərini də gizlətmirlər.

Bu güclərin timsalında bir çox ikiüzlü siyasət yürüdən qüvvələrin də adını qeyd etmək olar. 2 gün əvvəl Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-nin Qarabağla bağlı hazırladığı verilişdə əks olunan "blokada" və "humanitar" yardım şousu, ötən ay Belçikanın xarici işlər naziri Xədicə Ləbibin Azərbaycan və Ermənistan XİN-ləri ilə görüşdə sərgilədiyi ermənipərəst mövqe, İspaniya səfirliyinin 250 erməni ailəyə maddi və sosial dəstək veriləcəyini bildirməsi ilə bağlı paylaşımında separatçı rejimin "bayrağ"ının əks olunması, Ermənistanın Rusiyadan üz döndərmək, özünə yeni müttəfiqlər və güclü himayədarlar axtarmaq cəhdlərinin Hindistanı və regiondan uzaq başqa bir ölkəni - Kanadanı da özünə cəlb etməsi fonunda hər iki dövlət nümayəndələri tərəfindən səsləndirilən provokativ fikirləri haylara mümkün sülhün yubadılmasına imkan yaradır. Məsələnin maraqlı tərəfi isə ondadır ki, Birinci Qarabağ müharibəsi dövründən bəri blokadada olan Naxçıvan MR-lə bağlı yuxarıda adıçəkilən "simpatizan"lardan heç biri indiyə kimi səsini çıxarmayıb. Buradan aydındır ki, bu qəbildən erməni lobbisini dəstəkləyənlərə haqq-ədalət lazım deyil. Onlar sadəcə öz məqsədləri üçün haylardan alət kimi istifadə edirlər. Lakin unutmaq lazım deyil ki, bu güclər nə vaxtsa öz istəklərindən vaz keçə və ya daha böyük istəklər üçün bu maraqlarını qurban verə bilərlər. Yəni bu danılmazdır ki, Ermənistan siyasi arenada nə vaxtsa tək qalacaq...

Tacir SADIQOV,

"Respublika".