Avropa İttifaqı Azərbaycanın təkliflərini dəstəkləyir
Siyasət

Avropa İttifaqı Azərbaycanın təkliflərini dəstəkləyir

Azərbaycan öz suveren ərazilərində nəyi necə edəcəyini məhz özü bilir və bu barədə kimdənsə təlimat almır. Dövlət quruculuğu və dövlət idarəetməsində suverenlik bu gün Azərbaycanın qüdrətli dövlət kimi formalaşmasında mühüm rol oynayır.

Azərbaycanın 23 aprel tarixində qurduğu Laçın nəzarət-buraxılış məntəqəsi beynəlxalq qanunlara əsaslanır. Və ölkəmiz burada tam nəzarət hüququna sahibdir. Azərbaycanın bu addımı onun sərhədlərinin mühafizəsi üzrə suveren hüququdur. Bununla belə siyasi möhtəkirlik və manipulyasiyaya cəhd edilən müxtəlif fikirlər mövcuddur. Humanitar yardımın göndərilməsi üçün diplomatik yollardan və beynəlxalq qanunlardan istifadə olunmalıdır. Manipulyasiya və siyasi möhtəkirlik humanitar yardımın məqsədi ilə bir araya sığmır, əksinə humanitar yardımın məramına ziyan vurur.

Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul edilən qərarlar, beynəlxalq hüququn və normanın nüfuzunu və əhəmiyyətini nümayiş etdirir. Laçın nəzarət-buraxılış məntəqəsi ilə bağlı məsələlər də beynəlxalq ədalət məhkəmələrinin və ya digər diplomatik proseslərin qiymətləndirilməsində mühüm rola malikdir. Əgər Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) nəzarət-buraxılış məntəqəsi ilə bağlı qərar qəbul edibsə, bu, beynəlxalq hüququn bir nümunəsidir və bu qərarın icrası beynəlxalq normalar çərçivəsində yerinə yetirilməlidir. Bu, məsələnin diplomatik, siyasi və hüquqi yollarla həll olunmasına nail olmağa kömək edir. Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 fevral qərarını pozduğunu müəyyən etməyib. Nəticədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə Laçın Dövlət Sərhəd Xidmətinin fəaliyyəti möhkəmlənib.

Diqqətçəkən məqamlardan biri də Azərbaycan tərəfinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək təklifidir. Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür. Bu proses məhz dövlətimizin dəstəyi ilə baş tutmalıdır. Çünki kənar dəstək, Ermənistanın dəstəyi ilə humanitar yardımlar siyasi məqsəd daşıyır. Biz görürük ki, Ermənistan vəziyyətdən sui-istifadə edir, mövqelərimiz atəşə tutulur. Bu gün Azərbaycanın iqtisadi gücü Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu ərazi Azərbaycanın olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimiz vasitəsilə həyata keçirilməlidir. Bu baxımdan Ağdam-Xənkəndi yolu böyük önəm kəsb edir.

2023-cü il iyulun 15-də Brüsseldə Prezident İlham Əliyev, Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, Ağdam-Xankəndi yolunun açılmasına paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılıb. Şarl Mişel Laçın dəhlizinin tam istifadəsini və Ağdam-Xankəndi yolunun açılması prosesini mərhələli həyata keçirməyi təklif edib. Burada Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağdam-Xankəndi yolunun açılmasına paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılıb. Bir sözlə, Avropanın mövqeyi hər iki yolun da açıq olması yönündədir.

Röya RÜSTƏMLİ,

"Respublika".