Avtomobillərin sürətlə çoxalmasının yaratdığı problemlər
Sosial həyat

Avtomobillərin sürətlə çoxalmasının yaratdığı problemlər

Sentyabr ayından növbəti ilin iyun ayına qədər tıxacların ən pik həddə çatdığı dövr kimi qəbul edilir. Tıxacların sağlamlığımıza, cibimizə, ətraf mühitə və başqa dəyərlərə vurduğu ziyan haqqında da hamının müəyyən təsəvvürləri var. Bu problem dünyanın əksər ölkələrində yaşanır və həlli çox da asan başa gələn məsələ deyil. Bir çox insan buna görə öz avtomobilini satır, ictimai nəqliyyata üz tutur.

Ümumiyyətə, beynəlxalq statistika mərkəzlərinin hesabatlarında göstərilir ki, təqribən 70 il yaşayan bir insan ömrünün 2 ilini tıxaclarda dayanmağa sərf edir. İşıqforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ömürlərindən 20-30 gün gedir. Bir sıra ölkələr tıxacın qarşısını almaq üçün müəyyən addımlar atırlar. Belə ki, ilk dəfə olaraq Reykyavikdə "Avtomobilsiz ümumdünya günü" elan olunub. Sonradan bəzi dövlətlər də bu günü qeyd etməyə başlayıblar. Bu təşəbbüsü irəli sürənlərin məqsədi böyük şəhərlərin avtomobilsiz nə qədər təmiz və gözəl olduğunu nümayiş etdirmək olub.

Azərbaycanda isə tıxac probleminin həlli yolları uzun müddətdir ki, axtarılır və bu istiqamətdə ciddi addımlar atılır. Ölkədə avtomobilləşmə sürətlə çoxalır. Buna iki aspektdən yanaşmaq olar. İlk növbədə sevindirici haldır ki, insanların rifah səviyyələri getdikcə yüksəlir. Lakin digər məqam isə sürətlə çoxalan avtomobillərin tıxacların bir neçə qat artmasına səbəb olmasıdır.

Paytaxtda sıxlıq daha çox Bakı-Sumqayıt şosesi və Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətinə gələn hissədə müşahidə olunur. Normal günlərdə səhər saatlarından başlayan tıxac hava şəraitinə görə bəzən daha da uzun çəkir.

Pik saatlarda sıxlıq zamanı vətəndaşların mənzilbaşına rahat çatmasını təmin etmək, xətt boyunca intervalın qorunması məqsədilə oktyabr ayının əvvəlində Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Hazırda müvafiq xətt üzrə avtobuslar üçün şərait yaxşılaşsa da tıxac problemi davam edir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat katibi Tural Orucov bildirib ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından fundamental əhəmiyyətə malikdir. Sərnişindaşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir.

"Avtobuslar üçün xüsusi zolağın ayrılması yolun buraxılış qabiliyyətini dəfələrlə artırır. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobusların üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Bu, küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini də artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır", - deyə AYNA-nın əməkdaşı bildirib.

Bakı-Sumqayıt yolu üzərində işlər görülsə də, şəhərin digər istiqamətləri hələ də iflic vəziyyətindədir. Avtomobillərin sürətlə çoxalması səbəbindən vətəndaşlarımız təqribi 20 dəqiqəyə başa vuracaqları yolu 1 və ya 1 saat yarıma (bəzi hallarda daha çox) qət edir. Bu da gecikmələrə, əsəb-stresə səbəb olur. Tural Orucov həmçinin qeyd edib ki, hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur: "Yolların buraxılış imkanlarının artırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Zığdan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır. Bu gün paytaxtda hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir. Bakı-Sumqayıt şosesində də avtobus zolağı təşkil edilib. Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.

AYNA tərəfindən aparılan təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 10 dəqiqə qısalıb. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil etməsi gözlənilir. Bu hələ ilkin nəticələrdir. Zolağın təşkili ilə bağlı sərnişinlərin də rəyləri müsbətdir.

Lakin avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da, bəzi sürücülər buna problem yaradırlar. Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Avtobuslar üçün zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 327.1 maddəsi ilə 40 manat məbləğində cərimə gözləyir. Zolağın tələblərinə riayət edilməsi, həm də bir sosial məsuliyyət və digərlərinə qarşı mədəniyyət nümunəsidir.

Avtobus zolağına daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır.

Hazırda paytaxtda insan sayının artması nəticəsində mövcud olan avtobuslar kifayət etmir. Bütün xətlər üzrə interval qorunsa da, insanların çoxu avtobusların azlığından şikayətlənir. Əsasən də pik saatlarda (bu əsasən məktəb və ya işə gediş-gəliş vaxtlarıdır) bu problem özünü daha çox büruzə verir. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtobusların sayında ciddi problemlər mövcudur: "Bu gün insanlar mənzilbaşına çatmaq üçün manatlıq taksilərdən istifadə edir. Lakin bununla yanaşı, ictimai nəqliyyat varmı? Bəli, var. Çatdıra bilirmi? Əsas sual da məhz budur. Çatdıra bilməməyinin əsas səbəbini biz araşdırırıq. Görürük ki, avtobuslar tıxacda qalır və sayı yetərli deyil. Say məsələsi əsas problemdir. Amma tıxacların qarşısını ala biliriksə, bunu da həll edə ala bilərik.

Bu gün təkcə Bakı şəhərinə 2600 avtobus lazımdırsa, bunun hazırkı şəraitdə yalnız iki mindən bir qədər çoxuna sahibik ki, bu da tələbatı ödəmir. Mütləq zolaqların çəkilməsi ilə paralel ictimai nəqliyyatın artırılmasına da önəm verməliyik. Mütləq normal sürücü heyəti yetişdirilməlidir və bu zaman həm də dayanıqlı ictimai nəqliyyat sistemi qurulmalıdır.

Şəxsi avtomobildən istifadə edən insanlar bilməlidir ki, ictimai nəqliyyat ləngimədən öz intervalı ilə gedir. Artıq avtomobili evdə qoyub ictimai nəqliyyatla rahat şəkildə mənzilbaşına gedib çata biləcək. Lakin insanlar buna əmin olmadıqları müddətdə artıq o zolaqlar belə əhəmiyyətini itirir. Bu baxımdan düşünürəm ki, bu istiqamətdə ciddi iş görmək lazımdır. Həmçinin çox uğurlu nəticələr əldə edə biləcəyimizə də əminəm".

Ekspert qeyd edib ki, sadəcə avtobus zolağının çəkilməsi ilə sayının artırılması paralel aparılmalıdır. Bu halda istənilən nəticəni əldə etmək olar.

Töhfə SƏMƏDOVA,

"Respublika".