Azər Badamov:
Siyasət

Azər Badamov: "Cənubi Qafqazın problemləri elə bu regionda həll olunmalıdır"

"Dünən keçirilən ATƏT-in iclasında XİN rəhbəri Ceyhun Bayramovun Azərbaycan və Ermənistan arasında dialoq üçün ATƏT-in platforma olmaq şansını çoxdan itirdiyini deməsi bu günün reallığıdır. Çünki, ATƏT keçmiş Qarabağ münaqişəsində də həmişə ikili standartlardan yanaşmışdır. Belə ki, 1993-cü ildə BMT TŞ –sı tərəfindən Ermənistan hərbi birləşmələrini Azərbaycanın suverən ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul olunmuşdu. Bu qətnamələrin icra etdirilməsi üçün ATƏT-in keçmiş Minsk Qrupuna mandat verilmişdi. Keçmiş Minsk Qrupunun həmsədr dövlətləri nəinki BMT TŞ-nın qətnamələrin icra etdirilməsi istiqamətində addım atmadı, hətta  Ermənistanın torpaqlarımızda işğalını əbədiləşdirməyə və Azərbaycanı da bu status-kvo ilə barışdırmağa çalışdı".  

Bu fikirləri "Respublika"-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib:

"ATƏT deyirdi ki, münaqişənin güc  yolu ilə həlli yoxdur və ancaq danışıqlar ilə tənzimlənməlidir. Ona görə də ATƏT-in keçmiş Minsk Qrupunun həmsədrləri 27 ildə regiona turistik səfərlər etdi. Onlar sadəcə burada istirahət edib gedirdilər. Azərbaycan və Ermənistan münaqişəsi keçmiş Minsk qrupu üçün sanki sanatoriyaya  yollanış kimi görünürdü..."

Millət vəkili, həmçinin Prezident İlham Əliyevin beynəlxalq tribunalardan Azərbaycan xalqının torpaqlarımızda erməni işğalı ilə heç vaxt barışmayacağını, lazım gələrsə pozulmuş beynəlxalq hüquq və ədaləti güc yolu ilə bərpa edəcəyini söylədiyini də diqqətə çatdırıb:

"Təəssüf ki, onlar çağırışımıza əhəmiyyət vermədilər. Məhz ATƏT-in fəaliyyətsizliyi nəticəsində 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi qaçılmaz oldu. Əgər ATƏT bu münaqişəyə ədalətlə yanaşsaydı və pozulmuş beynəlxalq hüquq normalarının bərpası istiqamətində hər hansı bir addımı atsaydı, II Qarabağ müharibəsinə də ehtiyac qalmazdı. Beləliklə, Azərbaycan ATƏT-dən fərqli olaraq münaqişənin həllinin hərbi və siyasi yolla mümkünlüyünü sübut etdi. Dövlətimiz ATƏT-in 27 ildə görmədiyi işi, yəni, BMT TŞ-nın 4 qətnaməsini 44 gündə güc yolu ilə icra etdirərək pozulmuş beynəlxalq normaları bərpa etdi. Əgər ATƏT 27 ildə heç bir işə imza ata bilməyibsə, indi bundan sonra hansı töhfəni verə bilər? Təbii ki, heç nə. Çünki, müharibənin başa çatdığı üç ildə Azərbaycanla Ermənistan atrasında sülh sazişinin imzalanmasına ən böyük maneə də yenə ATƏT və keçmiş  Minsk Qrupuna həmsədr dövlətlər tərəfindən yaradılıb".

Azər Badamov bu gün regiona maraqlı olan qüvvələrin Ermənistanı yenidən silahlandıraraq müharibəyə ruhlandırdığını da vurğulayıb: 

"Bir tərəfdən sülhdən danışrlar, digər tərəfdən Azərbaycana təzyiq üsulundan istifadə edərək Ermənistana üstünlük qazandırmağa çalışırlar. Onlar anlamırlar ki, Azərbaycan qalib tərəfdir və təzyiq yolu ilə Ermənistana hər hansı bir üstünlüyü heç vaxt qazandıra bilməyəcəklər. Təsadüfi deyil ki, Azərbaycan Qranada, Brüssel və Vaşinqton platformalarında sülh danışıqlarda iştirak etməkdən imtina etdi. Bütün bunları nəzərə alsaq, görərik ki, ATƏT Azərbaycanla Ermənistan arasında sülh danışqları aparmaq üçün platforma olmaq etimadını itirmişdir. Sülh danışıqları neytral bir məkanda aparılmalıdır. Bu elə bir məkan olmalıdır ki, ev sahibi üçün də Azərbaycanla Ermənistan arasında sülhün imzalanması maraqlı olsun. Doğrusu, mən belə bir məkan olaraq Gürcüstanı görürəm. Çünki, Cənubi Qafqazın problemləri elə bu regionda həll olunmalıdır. Kənar oyunçular isə ancaq regiona öz planlarını icra etmək üçün müdaxilə etməyə çalışırlar".

Deputat, bununla yanaşı, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh danışqlarının aparılması üçün dövlətlərarası şərti sərhədi də müəyyənləşdirmək məqsədəuyğundur:

"Reallıq odur ki, sülh Cənubi Qafqaza lazımdır. Ona görə də danış;qlar da Cənubi Qafqazda davam etdirilməli və razılıqlar əldə olunmalıdır. Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanı olmalıdır".

Nəzrin ELDARQIZI,

"Respublika".