Azərbaycan birgəyaşayışa, sülhə, təhlükəsizliyə böyük önəm verir
Digər xəbərlər

Azərbaycan birgəyaşayışa, sülhə, təhlükəsizliyə böyük önəm verir

Dünyada sülhsevər, tolerant, humanist ideyalara sadiq ölkə kimi tanınan Azərbaycanın nüfuzu gündən-günə artır. Müstəqil siyasət yürüdən, heç bir ölkədən iqtisadi asılılığı olmayan dövlətimiz dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına, xalqların, millətlərin sülh şəraitində birgəyaşayışına mühüm töhfələr verir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş olaraq qəbul edilir. Uğurlu daxili və xarici siyasət həyata keçirərək güclü dövlət quruculuğu yolunda inamla irəliləyən, beynəlxalq əlaqələrini şaxələndirən, səmimi dostluq münasibətlərini dərinləşdirən ölkəmiz beynəlxalq əhəmiyyətli irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də uğurlu icraçısıdır. Bu səbəbdən, dayanıqlı iqtisadiyyata sahib olması nəticəsində tərəfdaşlıq münasibətləri qurmaq, birgə fəaliyyət istiqamətlərini müəyyən etməklə ölkəmizə böyük həcmdə investisiyalar yatırmaq istəyən ölkələrin sayı durmadan artır. Bütün bunların əsasında isə Azərbaycanda sabitliyin, təhlükəsizliyin mövcud olması dayanır.

İkinci Qarabağ müharibəsini zəfərlə başa çatdıran ölkəmiz qarşı tərəfə sülh təklif etməklə regionda illərdir hökm sürən gərginliyə, münaqişələrə son qoymaq, xalqların birgəyaşayışını təmin etmək niyyətindədir. Əsrlər boyu xalqımıza qarşı düşmənçilik mövqeyində olan ermənilərin həyata keçirdikləri deportasiya və soyqırımlarına, qətliamlara baxmayaraq, köhnə səhifələri çevirmək istəyən Azərbaycan Cənubi Qafqazda sülhü təşviq edir. Qarabağ zəfərindən ötən 3 il ərzində sülh danışıqlarının müsbət nəticə verməsi, bölgə xalqlarının mehriban qonşuluq şəraitində yaşaması üçün bütün maneələri dəf etməyə çalışır. Beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən bütün formatlarda sülhü dəstəkləyən müstəqil dövlətimiz qarşı tərəfin qeyri-konstrukiv mövqeyinə səbirlə, təmkinlə yanaşmaqla sülh danışıqlarını masada saxlayır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, ölkələr arasında ədavətin aradan qaldırılması ölkə başçımızın uğurlu, məqsədyönlü siyasətində əsas yer tutur. Lakin əfsuslar olsun ki, qərb qonşumuz bu günə qədər müxtəlif yüksəksəviyyəli görüşlərdə, fərqli formatlı danışıqlarda verdiyi sözə əməl etmir, Azərbaycanın təklif etdiyi beş baza prinsipindən ibarət sülh müqaviləsini imzalamır.

44 günlük müharibədə məğlub olan Ermənistan kapitulyasiya aktı imzalayaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiya Federasiyasının xüsusi texnikadan ibarət sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin ərazidən çıxarılması ilə paralel olaraq yerləşdirilməli idi. Lakin diz çöküb yalvararaq imzaladığı Bəyanatdan irəli gələn müddəanı yerinə yetirməkdən boyun qaçıran Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən öz silahlı birləşmələrinin tamamilə çıxarılması şərtinə əməl etmirdi. Əksinə, bu qanunsuz birləşmələrini müxtəlif yollarla silahlandıraraq müharibə alovlarını daha da qızışdırırdı. Qanunsuz silahlı dəstələrin şərti sərhəddə minalar basdırması, fortufikasiya qurğuları qurması isə Ermənistanın düşmənçilik mövqeyindən əl çəkmədiyinin sübutu idi. Hər dəfə törətdiyi təxribat əməllərinin layiqli cavabını alan düşmənə dəfələrlə buna son qoyulmasının, üçtərəfli Bəyanatdan irəli gələn müddəaları yerinə yetirilməsinin vacibliyi bildirilsə də, bütün bu cəhdlər nəticəsiz qalmış, Ermənistan öz havadarlarının göstərişi ilə işğalçılıq siyasətindən əl çəkməmişdir. Azərbaycanın öz tərkib hissəsi olan Qarabağda yaşayan vətəndaşların reinteqrasiya olunması, ölkəmizin ərazisindən qanunsuz şəkildə yerləşdirilən silahlı dəstələrinin çıxarılması tələbinə məhəl qoymayan Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycan sərhədlərini tanıdığı halda, eyni zamanda bu sərhədlərin yaxınlığında hərbi təlimlər keçirir, fortifikasiya qurğuları qurur, səngərlər qazırdı. 30 il hər qarışını minaladığı ərazilərimizin xəritəsini verməyən düşmən ölkə bu çirkin əməlini davam etdirirdi.

Hər zaman beynəlxalq hüquq normalarına riayət edən, qanunun aliliyinə hörmətlə yanaşan, İkinci Qarabağ müharibəsi bitsə də, münaqişəni davam etdirən Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısını almaq, qeyri-qanuni erməni silahlı birləşmələrini tərk-silah etmək və bölgədən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədilə bir neçə dəfə antiterror əməliyyatları keçirərək düşməni yerində oturtsa da, erməni havadarları münasibətlərin normallaşmasına, regiona sülhün gəlməsinə hər vəchlə mane olurdular. Qarabağ bölgəsində yaşayan erməni sakinləri reinteqrasiya məsələlərini müzakirə edilməsi üçün Azərbaycan tərəfindən bir neçə dəfə dialoqa dəvət olunsalar da, separatçılar sadə erməniləri girov saxlamaqla buna imkan verməmişlər.

Qarabağ bölgəsində qanunsuz şəkildə yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən son bir neçə ay ərzində Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların qazılması Azərbaycanı separatizmin qarşısını almaq üçün zəruri tədbirlər görməyə məcbur etdi. Sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıdı və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti sayəsində müstəqil Azərbaycan növbəti dəfə öz məqsədinə çatdı, düşmən təslim oldu, ağ bayraq qaldıraraq antiterror əməliyyatlarının dayandırılmasını istədi. Belə ki, Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı düşmənin silahı yerə qoyduğu və tərk-silah olduğu halda antiterror tədbirlərinin dayandırılacağını bildirmişdi.

Azərbaycan dünyada sülhə, əmin-amanlığa, təhlükəsizliyə töhfə verən ölkə kimi qəbul olunur. Belə ki, 30 ilə yaxın torpaqlarını işğal altında saxlayan, günahsız insanlarını qətlə yetirən, xalqına qarşı soyqırımı həyata keçirən, kənd və şəhərlərini yer üzündən silən düşməninə sülh təklifi etmək bir xalqın mənsub olduğu sülhsevərliyin, humanistliyin ən ali səviyyəsidir. Regionda yeni reallıqlar yaradan, eyni zamanda sülhə, tolerantlığa, mədəniyyətlərarası və dialoqlararası anlaşmaya böyük töhfələr verən Azərbaycan haqq, ədalət yolu ilə irəliyə doğru mətin addımlarla irəliləyir.

Mehparə ƏLİYEVA,

"Respublika".