Azərbaycan-Böyük Britaniya: əlaqələr genişlənir
Siyasət

Azərbaycan-Böyük Britaniya: əlaqələr genişlənir

Azərbaycanın beynəlxalq nüfuzunun artması həm də dostlarımızın və tərəfdaşlarımızın sayının çoxalmasına zəmin yaradıb. Tərəfdaşlarımız arasında Böyük Britaniyanın öz yeri var. Azərbaycan-Böyük Britaniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkə arasında münasibətlərin müasir tarixi ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra Böyük Britaniya ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıdı və bununla da hərtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu bəyan etdi. 1992-ci il martın 11-də Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlər barədə saziş imzalanıb. Həmin tarixdən 30 il ötür. Bu illər ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından böyük nailiyyətlər əldə edilib. Təbii ki, bu uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu olub. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb. Londonda Azərbaycan səfirliyi isə 1994-cü ilin yanvar ayından fəaliyyət göstərir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşü ermənilər tərəfindən Ağdam rayonunun işğalı dövrünə təsadüf edirdi. Görüşdə səfir Tomas Yanq ümummilli lider Heydər Əliyevə Böyük Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Tomas Yanqın bəyanatına uyğun olaraq Böyük Britaniya hökuməti 1993-cü il iyulun 27-də Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etiraz edib. Bir gün sonra isə BMT TŞ-da sədrlik edən Böyük Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub.

1994-cü ilin fevralında Heydər Əliyev ilk dəfə həmin ölkədə rəsmi səfərdə olub və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Con Meycorla iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə"ni imzalayıb. Ulu öndər ilk səfərdə Azərbaycanın Birləşmiş Krallıqla əməkdaşlıqda əsas məqsədini ifadə edib: "...Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan ölkə, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və ənənələri olan ölkə, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik".

Heydər Əliyevin Böyük Britaniyaya ikinci rəsmi səfəri 1998-ci ilin iyulunda baş tutub. Səfər ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında əsaslı rol oynayıb. İki ölkə arasında əlaqələr Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci illərdə Böyük Britaniyaya rəsmi səfərləri olub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanda ən böyük xarici investorlardan biridir. Bu gün Azərbaycanda 500-ə yaxın Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərənlərin sayı daha çoxdur. Hazırda da qeyri-neft sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük üstünlük verilir.

Qeyd edək ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə "Bi-Pi Statoyl" alyansının ölkəmizdəki fəaliyyətində yeni mərhələ başlanmışdır. BP şirkəti ilə 1994-cü il sentyabrın 20-də imzalanmış və 2017-ci ilin sentyabr ayında müddəti 2050-ci ilədək uzadılmış "Əsrin müqaviləsi" ilə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi layihəsində operator kimi bu günə qədər səmərəli fəaliyyət göstərir. BP şirkəti ilə həmçinin, "Şahdəniz", "İnam", "Şəfəq-Asiman", "Abşeron Yarımadası Dayazsulu sahə" layihələri üzrə Hasilatın Pay Bölgüsü sazişləri imzalanmış, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi boru kəməri layihələrində də uğurlu əməkdaşlıq yaranmışdır.

2004-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı dövlət başçısı bu ölkənin baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə" yenidən təsdiqlənib. T.Bleyer və Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike qəbul ediblər.

İki ölkə hərbi sahədə əməkdaşlığın inkişafı üçün də səy göstərir. Ölkələrimiz arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi və 2016-cı ildə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu təsis edilmişdir. Bundan əlavə, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir ki, beləliklə də, sözügedən qurumların təşəbbüsü ilə hər il Bakıda və Londonda çox sayda mədəni və elmi tədbirlər keçirilir.

2021-ci il fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Venti Mortonu qəbul edərkən Prezident İlham Əliyev deyib: "Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və ABŞ hökumətləri tərəfindən güclü dəstək göstərilir". Ölkələrimiz arasında əlaqələr bu gün də yüksələn xətt üzrə davam etdirilir. Bu il sentyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiyanın kralı əlahəzrət III Çarlza Azərbaycan Prezidenti İlham Əliyev ünvanladığı məktubda 2009-cu ildə kraliça ilə keçirdiyi görüşü xatırladaraq onun Birləşmiş Krallığın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətlərini xüsusi qeyd edib.

Dövlət başçısının sentyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiyanın kralı əlahəzrət III Çarlzın taxta çıxması münasibətilə təbrik məktubunda qeyd edilir: "Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir".

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasimində iştirak edib. Təbii ki, bu da ölkələrimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir.

Zümrüd QURBANQIZI,

"Respublika".