Etimad və əməkdaşlıq nümunəsi
Siyasət

Etimad və əməkdaşlıq nümunəsi

Yeni dünya düzənində regional əməkdaşlığın önəmi olduqca vacibdir. Xüsusilə geosiyasi proseslərin qaynar nöqtəsi hesab olunan bölgələrdə etibarlı tərəfdaşlıq, yüksək inam qazanmaq olduqca böyük məsuliyyət tələb edir.

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qüdrətli Azərbaycan dövləti beynəlxalq sferada olduğu kimi, regional müstəvidə də bu missiyanı uğurla icra edir. Ölkəmiz Cənubi Qafqazın lideridir və qonşuluq əlaqələrinə xüsusi önəm verir. İkitərəfli danışıqlar, keçirilən rəsmi səfərlər, regional rifahın artırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Məlumdur ki, Azərbaycan həm iqtisadi, həm də Şimal-Cənub, Xəzər dialoqu üzrə geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri çərçivəsində aparıcı aktordur.

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ikitərəfli münasibətlərlə yanaşı, regional inkişafın yeni mərhələyə qədəm qoymasını göstərir. Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı ulu öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının önəmi əsas diqqət mərkəzində olub. Tədbirdə çıxış edən Rusiyanın dövlət başçısı Vladimir Putin bildirib: "BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası - bunu bütün BAM inşaatçıları yaxşı bilir - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi". Xüsusi vurğulanmalıdır ki, "Heydər Əliyev İli" çərçivəsində şimal qonşumuzda baş tutan tədbirlərdə tarixən ulu öndərin ikitərəfli münasibətlərdəki rolu olduqca yüksək qiymətləndirilir. Məhz keçirilən mötəbər tədbirdə Rusiya dövlət başçısının ulu öndərin müstəsna rolunu vurğulaması iki ölkə arasındakı əlaqələrin müsbət inkişaf xəttini bir daha sübut edir. Bununla yanaşı, ölkə başçımızın səfəri xüsusilə rus mediasının diqqət mərkəzində olub. TASS Agentliyi, "RİA Novosti", "Moskovski Komsomolets" kimi nəşrlərdə səfərin iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminlik ifadə edilib. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə ümummilli lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə mühüm töhfə verməsi barədə fikirləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılıb.

Ümumi uzunluğu 4300 kilometr olan Baykal-Amur dəmiryolu magistralının tikintisinə 1940-cı ildən başlanılıb və 1989-cu ildə istifadəyə verilib. XX əsrin qlobal logistika layihəsi kimi BAM yeni perspektivlərin açarı kimi tanınır. Maraqlısı budur ki, layihənin Azərbaycandan xeyli uzaqda yerləşməsinə baxmayaraq, onun ərsəyə gətirilməsində fəaliyyətimizlə tanınırıq. Belə ki, 1974-cü ildə keçmiş Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan minlərlə gənc bu magistralın tikintisinə ümummilli liderin göstərişi ilə cəlb olunub.

Qlobal layihənin müzakirəsi, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ilə yanaşı, digər sahələrdə də Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, iki ölkə arasında 1992-ci ildə qurulan əlaqələr 2022-ci ilin fevralında müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Belə ki, Moskvada Prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalandı. Məhz ölkə başçımız Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putin ilə təkbətək görüşü zamanı bu məqamı xüsusi vurğulayıb: "Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik". Bu gün Azərbaycan və Rusiya müttəfiq dövlətlər kimi geosiyasi proseslərdə həlledici mövqeyə sahibdirlər. Məhz dövlət başçıları arasında keçirilən görüşlərin bu aspekti olduqca önəmlidir. Məlumdur ki, şimal qonşumuz Qafqazda və qlobal məkanda təhlükəsizlik üzrə əsas ölkədir. Xüsusilə, qütbləşmə prosesinin intensivləşdiyi yeni dünya düzənində yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi ölkəmiz üçün olduqca mühüm amildir.

Beynəlxalq məkanda Qərb bloku ilə Rusiya arasındakı çəkişmələrə baxmayaraq, ölkəmizin balanslı siyasi xətti nümunə təşkil edir. Qeyd edək ki, Azərbaycan təkcə enerji sahəsində yox, bir çox aspektlərdə Avropanın etibarlı tərəfdaşıdır. Məhz dövlət başçısının yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin hər iki qütbə qarşılıqlı hörmətlə yanaşması olduqca vacibdir. Digər tərəfdən, qərb qonşumuz olan Ermənistanın zəif manevrlərinə nəzər salsaq görərik ki, antirus meyillərinin artırılması, kollektiv Qərbin vədləri daxilində yürüdülən siyasətin təəssübkeşlik nöqteyi-nəzərdən olduqca mənfi təsirə malikdir. Məhz bu çərçivədə Azərbaycan region dövlətləri arasında tutduğu əməkdaşlıq mövqeyilə seçilir.

Yeri gəlmişkən, 2020-ci il noyabrın 10-

da imzalanmış məlum üçtərəfli Bəyanata uyğun olaraq, regionda atəşkəsə nəzarət etmək məqsədilə yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyəti vaxtından əvvəl başa çatdı. Xatırladaq ki, onların bölgədə mövcudluğu beş il müddətinə - 2025-ci ilin sonlarına qədər nəzərdə tutulurdu. Sülhməramlıların vaxtından əvvəl bölgəni tərk etməsi məhz Azərbaycan və Rusiya dövlətləri arasında qarşılıqlı dialoqun üstün səviyyəsindən xəbər verir. Yüksək siyasi mədəniyyət şəraitində dövlət başçılarının qarşılıqlı anlaşma əsasında baş tutan bu proses Cənubi Qafqaz üçün olduqca böyük addım hesab olunur. Bu həm də məkrli dairələrə, regiona müdaxilə etməyə çalışan yad qüvvələrə verilən vacib mesajdır.

Nurlan ABDALOV,

"Respublika".