Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ilk beşlikdədir
Region

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ilk beşlikdədir

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstanın ən böyük beş ticarət tərəfdaşından biri olub. 

"Respublika" xəbər verir ki, hesabat dövründə qonşu ölkə ilə xarici ticarət dövriyyəmiz 979,4 milyon dollar təşkil edib. Bu müddətdə Gürcüstan Azərbaycana 567, 8 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. 

Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşları arasında birinci yerdədir. Səkkiz ayda Türkiyənin Gürcüstan ilə xarici ticarət dövriyyəsi 1,9 milyard dollar olub ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 13,9 faizini təşkil edir. 

Qeyd edək ki, Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artaraq 14 milyard dollar təşkil edib. Gürcüstandan geniş çeşiddə mallar ixrac olunur: mis filizləri və konsentratları, ferroərintilər, təbii üzüm şərabları, spirtli içkilər, mineral sular, avtomobillər, qızıl, fındıq və digər qoz-fındıq və s.