Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin inşası davam etdirilir
Türk dünyası

Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin inşası davam etdirilir

Düz bir il bundan öncə Türkiyə sabahı sarsıdıcı bir xəbərlə açdı. 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verdi, güclü zəlzələ nəticəsində saysız-hesabsız evlər dağıldı, dağıntılar və insan tələfatları bütün dünyanı sarsıtdı. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə də hiss olundu. Təbii fəlakət nəticəsində Türkiyədə 50 mindən çox insan dünyasını dəyişdi.

Fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq, dağıntılar altında qalan insanları çıxarmağa başlamışdılar. Azərbaycandan göndərilən xilasedicilər Hatay, Antakya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak etdilər.

Dövlət qurumları tərəfindən Türkiyəyə çadırlar, konteyner tipli mobil ev, səhra hospitalı və səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət etdi. 

Zəlzələdən bir müddət sonra Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi inşa edilməyə başlanıldı. Zəlzələ zamanı ən çox dağıntıların olduğu Kahramanmaraşın Azərbaycan Bulvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonunadək yekunlaşması gözlənilir. 320 sot sahədə qurulacaq məhəllənin 100 milyon dollarlıq hissəsi Azərbaycan tərəfindən qarşılanır. Məhəllədə 1323 yaşayış və 799 iş yerinin tikintisi davam edir. Layihə Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi ilə Türkiyənin Toplu Konut Tikinti İdarəsi tərəfindən birgə həyata keçirilir.

''Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub. Digər binalar üçün hazırlıq gedir, zəmin möhkəmləndirilir. Buradakı binaların zəlzələyə dayanıqlı olmasına xüsusi önəm verilir. Tikintidə yüksəkkeyfiyyətli materiallardan istifadə olunur''. Bu fikri açıqlamasında Kahramanmaraşın valisi Mükerrem Ünlüer bildirib. O qeyd edib ki, məhz Azərbaycan məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq: "Bura tamam dağılmışdı. Azərbaycanlı qardaşlarımız bizə dəstək oldu, birlikdə binaların inşasına başladıq. Bu ərazinin zəmininin gücləndirilməsi prosesindən sonra artıq inşaat işlərinə də start verilib. Məsələn, Heydər Əliyev adına ibtidai sinif məktəbinin inşası yaxın zamanda bitəcək. Bu ilin sentyabr ayında məktəbin istifadəyə veriləcəyi gözlənilir''.

Yalnız zəmininin gücləndirilməsi prosesi üçün 40 milyon dolların xərcləndiyini əlavə edən Mükerrem Ünlüer zəlzələdən ziyan görən ərazilərdə yeni binaların inşasına Azərbaycanın bilavasitə dəstək olduğunu da vurğulayıb.

Vali, həmçinin Azərbaycan Bulvarında binaların inşasının 2024-cü ilin sonunadək yekunlaşacağını da bildirib. Ərazidə bir mini Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməklə 2 mindən çox yaşayış binası və iş yeri inşa olunacaq. Artıq 3 binanın bünövrəsi qoyulub, 7 binanın bünövrəsinin hazırlığı davam edir.

Onu da qeyd edək ki, artıq Hatay vilayətində ötən ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillər təqdim olunub. Evlərin rəsmi təqdimat mərasimində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edib. Birinci mərhələdə Hatayda 7275 mənzil sahiblərinə təqdim edilib. Mərasimdə çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan iki ay ərzində zəlzələnin baş verdiyi bölgədə 75 min mənzilin də sahiblərinə veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, ilin sonunadək isə 200 min evin də hazır olması gözlənilir.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Qaziantepdə də zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzilləri təqdim edib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.