Azərbaycan-İran: Yeni regional əməkdaşlıq formatının təməli qoyulur
Siyasət

Azərbaycan-İran: Yeni regional əməkdaşlıq formatının təməli qoyulur

Bu, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcək

Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir. Araz çayı üzərindən tikintisi başlanılan körpü, körpüyə yaxınlaşma yolu, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsi, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmiryolu xətti iki ölkə arasında əlaqələri yeni müstəviyə yüksəldəcək. Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturu ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına zəmin yaradacaq. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq: Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək. İkitərəfli münasibətlər yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda daha geniş sahələri əhatə edir.

İkitərəfli münasibətlər formatında isə birinci istiqamət qonşularla münasibətlərdir. Bu məntiqlə yanaşdıqda, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır. Bu, dövlət siyasətimizin mahiyyətindən irəli gəlir. Amma təəssüf ki, biz bir çox hallarda İranın Azərbaycana münasibətində adekvat davranışını görmədik. Regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirən Azərbaycan Prezidenti bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edib. Tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirən ölkə başçımız İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı ilə görüşdə Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib.

Xatırladaq ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixində Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Həmçinin tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb. Bu sənədin imzalanması ilə Ermənistandan vasitə kimi istifadə edərək Zəngəzur dəhlizinin açılmasını ləngidən qüvvələrə, rəsmi İrəvana bildirildi ki, Azərbaycanın Ermənistana ehtiyacı yoxdur.

Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirən Prezident İlham Əliyev Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlinin qoyulmasının bu yolların şaxələndirilməsi baxımından da önəmini qeyd edib. Vurğulayıb ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ay Naxçıvana səfəri çərçivəsində Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasından sonra region dövlətlərinin nəqliyyat -infrastruktur imkanlarını genişləndirəcək bu addımı tarixi hadisə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünün də tikintisi nəzərdə tutulub. Bütün infrastruktur bir il ərzində reallaşdırılacaq.

Beləliklə, Azərbaycanın digər rayonlarının İran vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə bağlantını reallaşdırmaq imkanları yaranır. Nəticədə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialı artırılır, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələr intensivləşir, iqtisadi, ticari, logistik və enerji sahələrini əhatə edən əlaqələr genişlənir.

Mustafa KAMAL,

"Respublika".