Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə nazirliyin məlumatında bildirilir.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri, nazirlik yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin məktəblilər arasında müstəqil Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyev irsinin yaşadılması və daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Nazir ulu öndərin 100 illik yubileyi münasibətilə təhsil müəssisələrində çoxsaylı tədbirlərin keçirilməsinin müstəqillik tariximizin şagirdlərə düzgün çatdırılması və bu istiqamətdə ideoloji işin təşkili baxımından önəmli olduğunu vurğulayıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan Emin Əmrullayev yeni məktəblərin tikintisi, ali təhsildə əhatəliliyin artırılması, xaricdə təhsil ənənəsinin yaradılması baxımından ümummilli liderin rolundan bəhs edib.
Sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.