“Azərbaycan Nəşriyyatı” mənfəəti artıb 
İQTİSADİYYAT

“Azərbaycan Nəşriyyatı” mənfəəti artıb 

Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC geridə qoyduğumuz ili 29,921 milyon manat mənfəətlə başa vurub. 

“Respublika” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 26,7 dəfə çoxdur. 

Belə ki, ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 37,084 milyon manat (əvvəlki ilə nisbətən 7,5 dəfə çox), xərcləri isə 7,163 milyon manat (88,4 % çox) təşkil edib. 

Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 34,853 milyon manat olub ki, bu da illik müqayisədə 6,9 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 8 % azalaraq 1,050 milyon manata düşüb, balans kapitalı isə 8,7 dəfə artaraq 33,803 milyon manata çatıb. 

Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.