Azərbaycan Ordusu qısa zamanda lokal antiterror tədbirlərini uğurla başa çatdırdı
Gündəm

Azərbaycan Ordusu qısa zamanda lokal antiterror tədbirlərini uğurla başa çatdırdı

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək Azərbaycanın ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması məqsədilə bölgədə başlanan lokal xarakterli antiterror tədbirləri artıq dayandırıldı. Müdafiə Nazirliyinin açıqlamasında bildirilirdi ki, lokal antiterror tədbirləri Azərbaycan ərazisində "boz zona" tamamilə ləğv edilənə qədər davam edəcək.

''Son günlərdə Ermənistanın təxribatları hədsiz dərəcədə artmışdı. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına görə, Ermənistan ordusunun qalıqları və separatçıların silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmalı idi, ancaq təəssüf ki, bu yerinə yetirilmirdi. Azərbaycan müstəqil dövlətdir, ona görə də öz ərazisində silahlı qrupların, terrorçuların mövcudluğuna göz yuma bilməzdi". Bu fikri açıqlamasında Qars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri Zekeriya Demiral vurğulayıb. O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalı altında qalan torpaqlarını azad edərək Ermənistana sülh təklif etdi. Lakin Qarabağda məskunlaşan separatçılar bununla razılaşmadılar. Yalançı vətənpərvərlik üzərində siyasət quran separatçı rejim tez-tez hərbi təxribatlara əl atırdı. Atəşkəs rejimini pozmaqla, Azərbaycanın göndərdiyi humanitar yardımı yolda saxlamaqla, yalan təbliğat aparır, sülh istəmədiklərini açıq şəkildə ortaya qoyurdular. Heç bir günahı olmayan sadə vətəndaşlar ermənilərin mina terroru nəticəsində həlak olurdular. Bu, beynəlxalq hüquqa ziddir və cinayətdir. Beynəlxalq görüşlərdə dilə gətirilməsinə baxmayaraq, Ermənistan daha öncə basdırdıqları minaların xəritələrini Azərbaycana vermir. Vətən müharibəsi bitdikdən sonra yüzlərlə insan mina terrorunun qurbanı olub. Bu mina terroru davam edərkən sülhdən, insan haqlarından danışan Qərbdən isə nədənsə heç bir səs çıxmadı. Mina xəritələrinin Azərbaycana verilməsi istiqamətində heç bir təzyiq göstərilmədi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu ən qısa zamanda lokal antiterror tədbirini uğurla başa çatdırdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında "Qarabağ Azərbaycandır" ifadəsini xüsusilə vurğulamasına münasibət bildirən Z. Demiral deyib ki, Ərdoğanın BMT kimi nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanın haqlı mübarizəsini, apardığı antiterror tədbirini dəstəkləməsi və Ermənistanın addımlarını şiddətlə qınaması, Türkiyənin ədalətli mövqeyinin və qətiyyətinin nümunəsidir.

Zekeriya Demiral,

Qars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri