Azərbaycan-Özbəkistan münasibətləri uğurla inkişaf edir
Türk dünyası

Azərbaycan-Özbəkistan münasibətləri uğurla inkişaf edir

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1995-ci il martın 2-də qurulan Azərbaycan-Özbəkistan diplomatik münasibətləri müasir dövrdə daha da inkişaf edib. Hər iki dövlətin türk mənşəli olması, iqtisadi-siyasi hədəflərinin üst-üstə düşməsi və digər ortaq maraqlar strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığın inkişafında mühüm amillərindəndir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfər etməsi dövlətlər arasında ardıcıl birgə fəaliyyətin göstəricisi hesab olunur. İki ölkə arasında dövlət başçıları və dövlət rəsmiləri səviyyəsində baş tutan səfərlər yeni əməkdaşlıq müqavilələrinin imzalanması deməkdir. Belə ki, Azərbaycan-Özbəkistan arasında baş tutan görüşlərin əksəriyyəti saziş, yaxud anlaşma ilə yekunlaşır. Xəzər dənizi hövzəsində yerləşən Özbəkistanın ticarət habına çevrilmək istəyi Azərbaycanı da bu qardaş ölkə ilə Xəzər dənizi vasitəsilə ticarəti genişləndirməyə sövq edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ötən il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz 2022-ci ildə dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə hədəflərini müəyyənləşdirib.

Bu il mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olması iki qardaş ölkənin dost münasibətinin təzarühüdür.

Avqustun 21-də Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində bir sıra sahələr üzrə əməkdaşlığa dair sənədlər imzalanıb. Tədbirdə hər iki tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdığını vurğulayıb. Qeyd olunub ki, imzalanmış 160-dan çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə möhkəm ikitərəfli hüquqi baza yaradır. Özbəkistanla əməkdaşlıq çoxvektorludur və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu isə iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı investisiyaların stimullaşdırılmasına, ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Qarşılıqlı münasibətlərin sürətli inkişafı ticarətin dinamikasına da müsbət təsir göstərir. Ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var və bu sahədə təşəbbüslərin intensivləşməsi əhəmiyyət kəsb edir. Həmçinin avqustun 21-i Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində Özbəkistanın "Uzbekneftegaz" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqovla görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan ilə Özbəkistan arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair verilən tapşırıqların icrası istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Bu xüsusda, 18 iyul tarixində Şuşada keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın son iclası çərçivəsində SOCAR ilə "Uzbekneftegaz" arasında imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Həmçinin SOCAR ilə "Uzbekneftegaz" arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikası, kadrların hazırlanması üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərə dair müzakirələr aparılıb.

Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində, həmçinin tərəflər arasında "Uzbekneftegaz"ın Azərbaycan Respublikasında neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistan Respublikasında neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistan Respublikasının Mədən və Geologiya Nazirliyi və "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Beləliklə, eyni soykökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, ümumilikdə Mərkəzi Asiya ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Tacir SADIQOV,

"Respublika".