Türk dünyasının gələcək inkişaf strategiyası
Türk dünyası

Türk dünyasının gələcək inkişaf strategiyası

Tarixi-etnik köklərlə, ənənə və dəyərlərlə, eyni dil qrupu ilə bir-birinə yaxın olan millətlərin vahid ideya birliyi, həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynadı.

Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının təsis edilməsi nəticəsində türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni mərhələyə daxil oldu. Türk dünyası həyatında dönüş yaradan bu yeni siyasi istiqamətə doğru uzun bir yol gəlir. Bu yolun siyasi fəlsəfəsi isə Türk Dövlətləri Birliyi ideyasıdır. 1992-ci ildən etibarən mütəmadi olaraq keçirilən türkdilli ölkələrin rəhbərlərinin Zirvə görüşləri Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) yaradılmasını siyasi zərurətə çevirmişdi. Türkdilli ölkələrin liderlərinin 2009-cu ilin oktyabrında Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə uyğun olaraq Türk Şurası yaradıldı. XX əsrin 90-cı illəri təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də əlamətdar hesab edilir. Belə ki, XX əsrin 90-cı illərinə qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdi. 1990-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində daha beş türk dövlətinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik qazanması ilə gözəçarpacaq bir canlanma başlandı. Bu mənada, XX əsrin sonları Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə çoxtərəfli əlaqələrin qurulduğu dövrdür. Türk xalqları və ölkələri arasında münasibətlər hər keçən gün daha da inkişaf edir.

Son 10 il ərzində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dünya ölkələrinin maraqlarının toqquşması nəticəsində yaranan problemlərlə bağlı beynəlxalq təşkilatlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmirlər. Lakin ortaq dil, ənənə, mədəniyyət və ən əsası tarixi köklərlə bir-birinə bağlı olan türk ölkələrinin formalaşdırdığı TDT-nin misilsiz üstünlükləri var. Türk Dövlətləri Təşkilatı Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Vətən müharibəsi dövründə təşkilatın katibliyi Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar verib, Baş katib Bağdad Amreyev 2020-ci ilin oktyabrında Gəncəni ziyarət edərək Türk dünyasının Azərbaycanla həmrəy olduğunu bildirib. Torpaqlarımızın 30 illik işğal dönəmində beynəlxalq təşkilatlar nəinki ədaləti bərpa edə bildi, hətta demək olar ki, ağzına su alıb oturdu. Azərbaycan isə 44 günlük Vətən müharibəsində BMT-nin 4 qətnaməsini özü tətbiq edərək regionda sülh üçün əlahiddə imkan yaratdı. Qeyd edək ki, Qarabağın azad edilməsi Zəngəzur dəhlizi kimi bir layihənin reallaşdırılmasını da mümkün etdi. Beləliklə, Türk dünyasının pozulmuş coğrafi bağlantısının bərpa edilməsi üçün tarixi imkan yaranmış oldu. Buna görə də, Qarabağın azad edilməsi sadəcə Azərbaycan üçün deyil, həm də türk dünyası üçün dönüş nöqtəsi sayılacaq bir hadisədir. Məhz ona görədir ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev müharibədən bir il sonra Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Zəngəzurda nəqliyyat-kommunikasiya layihəsi həyata keçirildiyi zaman türk coğrafiyası yenidən birləşəcək. Buna görə də, bu dəhlizin açılması böyük maraq doğurur. Lakin TDT çərçivəsində türk dövlətlərinin güclənməsi, əməkdaşlığın inkişafı bir sıra xarici qüvvələri qıcıqlandırır. Bu gün dünyada türkofobiyanın artmasını da müşahidə edirik. Bunun ən bariz nümunələrini Ermənistan, Fransa, İran kimi ölkələrdə görürük. Azərbaycan türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi iki türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir. Hazırda türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edərək, strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olur. Məsələn, 2022-ci ildə TEKNOFEST festivalının Bakıda keçirilməsi ilə iki qardaş ölkə, strateji müttəfiq olan Azərbaycan və Türkiyə öz birliklərinin sarsılmazlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdilər. Həmçinin, bu il aprelin 29-da Türkiyədə keçirilən sözügedən festivalda ölkə rəhbəri İlham Əliyevin iştirakı dostluğun daha bir nümunəsi oldu. Bu möhtəşəm tədbir, eyni zamanda ölkələrimizin və xalqlarımızın gələcək inkişafını təmin edəcək etibarlı bazanın formalaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir.

Bundan əlavə, mayın 3-də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfransda türk dövlətləri də daxil olmaqla 30-dan çox ölkə iştirak edib. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır:

"...Sözsüz ki, biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Formal nöqteyi-nəzərdən bunun necə tərəfdaşlıq olacağı o qədər də əhəmiyyətli deyil. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq. Qeyd etdiyim kimi, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir, baxmayaraq ki, sizə deyə bilərəm, son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir".

Müxtəlif sahələrdəki əməkdaşlıqlar gələcəkdə Türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verəcək. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.

Nuranə DAXİLQIZI,

"Respublika".