Azərbaycan qlobal problemlərin həllində birləşdirici gücdür
Siyasət

Azərbaycan qlobal problemlərin həllində birləşdirici gücdür

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin iqlim problemlərinin həllində öz öhdəliyinə sadiqliyinin sübutudur. Bu tədbir Azərbaycanın davamlı inkişaf və "yaşıl enerji" siyasəti üzrə uğurlarını, ölkəmizə artan inamı əks etdirir. Dünya iqlim dəyişmələrinin təsirlərini yumşaltmaq üçün sürətli mübarizə apararkən, Azərbaycanın "yaşıl enerji" siyasətinə aktiv yanaşması əsl nümunədir. COP29-a evsahibliyi etməklə ölkəmiz iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə konstruktiv rolunu ortaya qoyub.

Fevralın 26-da QHT-lərə Dövlət Dəstəyi Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində təmsil olunan QHT-lərlə, o cümlədən ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlərlə görüş keçirilib. Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı Azərbaycan QHT-lərindən olan gözləntilər diqqətə çatdırılıb, onların COP29-da fəal şəkildə iştirakı üçün zəruri məsələlər müzakirə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 13 yanvar 2024-cü il tarixli Sərəncamı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Ölkə başçısının Sərəncamı ilə Təşkilat Komitəsinə qeyri-hökumət təşkilatlarında, Milli Məclisdə fond və nazirliklərdə çalışan qadınlar da daxil edilib.

Azərbaycan istixana qazları emissiyalarının azaldılması ilə daha dayanıqlı gələcəyə keçid üçün güclü öhdəlik nümayiş etdirib, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə fəallıq göstərir. BMT-nin İqlim Dəyişmələri Konfransının Bakıda keçirilməsi Azərbaycanın qlobal problemlərin həllində lider kimi çıxış etməsinin, məsələyə operativ yanaşmasının göstəricisidir. Azərbaycanın uğurunun sirri onun ətraf mühitin deqradasiyasına, bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş hərtərəfli strategiya və təşəbbüsləri qəbul etməsi olub.

Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamdan da məlum olur ki, il ərzində ölkəmizdə bu istiqamətdə çoxsaylı tədbirlər keçiriləcək. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qlobal iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinə xüsusi yer verilməsi təkcə il ərzində yox, gələcəkdə də bu problemlə mübarizəyə sadiqliyimizi nümayiş etdirir. "Azərbaycan Respublikasının 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın 5-ci Prioritetinin əsas istiqamətlərindən biri də meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi və çoxaldılmasıdır. Digər bir sübut isə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli qərarı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nın təsdiq edilməsidir. Aydın şəkildə məlum olur ki, Azərbaycan daim regionda və bütün dünyada sülhün bərqərar olunmasında, o cümlədən planetimizin ekoloji balansının qorunmasında maraqlıdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası mayın 1-də "AzərEnerji" ASC-yə 30 milyon ABŞ dolları məbləğinədək kreditin ayrılması məsələsinə baxacaq. Layihə Azərbaycanın bərpaolunan enerji imkanlarının inteqrasiyası üçün müvafiq enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək edəcək. Ölkəmiz də öz növbəsində təmiz enerji infrastrukturunun, o cümlədən külək, günəş və su elektrik enerjisi layihələrinin inkişafına əhəmiyyətli dərəcədə sərmayə qoyub. Enerji portfelini şaxələndirmək və qalıq yanacaqlardan asılılığı azaltmaqla Azərbaycan təkcə öz karbon izini azaltmayıb, həm də iqtisadi artıma təkan verib və bərpaolunan enerji sektorunda innovasiyaları təşviq edib. Hətta ölkəmizin səyləri daxili siyasətdən kənara çıxır, çünki Azərbaycan iqlim problemləri ilə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq proqramlarında fəal iştirak edir. Azərbaycan müxtəlif sazişlərdə və təşəbbüslərdə iştirak etməklə iqlim dəyişmələri ilə mübarizə və bütün dünyada davamlı inkişafı təşviq etmək üçün qlobal səylərə öz töhfəsini verir.

COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətə ölkəmizin iqlim problemlərinin həllində əldə etdiyi irəliləyişlərə birbaşa şahidlik etmək imkanı verir. Azərbaycan, eyni zamanda ümumi ekoloji dayanıqlılıq məqsədinə çatmağa çalışan ölkələr arasında əməkdaşlıq, bilik və ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Konfransına ev sahibliyi edən ölkə kimi seçilməsi ölkəmizin iqlim problemlərinin həllində və davamlı inkişafın təşviqində lider mövqeyinin göstəricisidir. Bu, Azərbaycanın səylərinə beynəlxalq inamı əks etdirir. Ölkəmizin daha yaşıl, daha möhkəm gələcəyə doğru qlobal əməkdaşlığın irəliləyişində qabaqcıl rolu danılmazdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".