Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədrləri arasında videokonfrans formatında görüş keçirilib
İQTİSADİYYAT

Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədrləri arasında videokonfrans formatında görüş keçirilib

Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə, həmçinin hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, qarşılıqlı sərmayə qoyuluşu, sənaye, nəqliyyat-logistika, gömrük-sərhəd, neft-qaz, energetika, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı və qida təhlükəsizliyi, bank sektoru, regionlararası əlaqələr, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Söhbət zamanı dövlət başçılarının ötən ilin noyabr ayında Soçidə keçirilmiş ikitərəfli görüşünün Azərbaycan-Rusiya strateji tərəfdaşlığının növbəti təzahürü olduğu vurğulanıb. Bildirilib ki, 2022-ci il Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdardır.

Görüşdə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclasının cari ilin aprel-may aylarında Bakıda keçiriləcəyi qeyd olunub. Koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan-Rusiya ticarət dövriyyəsinin 2021-ci ildə 12 faizdən çox artdığı və 3 milyard ABŞ dollarına çatdığı məmnunluqla qeyd edilib. Fevralın 12-də "Aqroekspress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarının yola salınması iki ölkə arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirilib. Layihənin Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinə, sahibkarlığın stimullaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında əməkdaşlığın iqtisadi potensialının reallaşdırılmasında işgüzar missiyaların, eyni zamanda, Rusiya İxrac Mərkəzinin Azərbaycan istiqamətində aktiv fəaliyyəti vurğulanıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının işgüzar dairələr arasında əlaqələrin inkişafında və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində rolu yüksək qiymətləndirilib.

Videokonfrans formatında keçirilən görüşdə iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının artmasına hərtərəfli dəstək verilməsinin davam etdiriləcəyi, o cümlədən ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından çox sərmayə qoyulduğu, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 6 milyard ABŞ dollarından artıq investisiya yatırıldığı qeyd olunub. Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb. Müxtəlif sənaye layihələri, o cümlədən avtomobil, dərman və tikinti materiallarının istehsalı, dəmir yolları, şərabçılıq, helikopter, avtomobil təmiri və sair uğurlu əməkdaşlığın təzahürü kimi qiymətləndirilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük əhəmiyyəti vurğulanıb, Rusiyanın kənd təsərrüfatı məhsulları üzrə Azərbaycanın ən böyük istehlakçısı olduğu bildirilib. Diqqətə çatdırılıb ki, 2021-ci ildə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcmi 6 faiz artıb. Bu baxımdan Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin dəmir yolu vasitəsilə daşınmasına verilmiş icazənin müddətinin 2023-cü il yanvarın 1-nə qədər uzadılması yüksək qiymətləndirilib. Bununla yanaşı, Rusiyanın Azərbaycana mineral gübrələrin və yem bitkilərinin əsas tədarükçüsü olduğu və bu sahədə uğurlu əməkdaşlığın mövcudluğu qeyd edilib. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirilib, iki ölkə arasında avtomobil daşımalarının həcminin ötən il 6,6 faiz, tranzit daşımalarının isə 14,3 faiz artdığı xüsusi vurğulanıb. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanaraq həm Azərbaycan, həm də Rusiya tərəfindən dəhliz çərçivəsində imkanların genişləndirilməsi üzərində fəal işin aparıldığı bildirilib. Nəqliyyat Dəhlizi üzrə vahid operator mexanizminin yaradılması perspektivləri müzakirə edilib.

Azərbaycan-Rusiya Regionlararası Forumun regionlararası əlaqələrin inkişafında mühüm platforma olduğu və 11-ci Forumun 2022-ci ilin 2-ci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

Tərəflər Azərbaycan-Rusiya əlaqələrinin əməkdaşlığın bütün sahələrində möhkəmləndirilməsinə və genişləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını vurğulayıblar.

AZƏRTAC