“Türkiyədə keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında Türk dünyasının iki böyük lideri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirak etməsi hər birimizdə böyük qürur hissi yaratdı. Azərbaycan və Türkiyə dövlətlərinin və xalqlarının bu cür dostluq və qardaşlıq əlaqələri, eyni zamanda digər türkdilli dövlətlərin də birləşməsinə böyük örnəkdir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq əlaqələri, bu münasibətləri Türk dövlətlərinin birliyini daha da gücləndirəcək”.
Bunu bizimlə söhbətində Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib. Deputat bildirib ki, festivalda Prezident İlham Əliyevin çıxışı və söylədiyi fikirlər hər bir azərbaycanlının ürəyindən xəbər verirdi. Festivalda yaşananlar ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin bir daha təsdiqi idi.
Son 20 ildə Türkiyə böyük inkişaf mərhələsindən keçib. Türkiyənin sənayesi, iqtisadiyyatı hər il yüksəlməkdə davam edir. Hərbi sənayedə yüksək texnologiya tətbiq edilməklə böyük nailiyyətlər əldə olunub. Bu gün Türkiyə həm iqtisadi, həm də hərbi cəhətdən dünyanın ən güclü dövlətinə və güc mərkəzinə çevrilmişdir. Türkiyənin güclü olması Azərbaycanın da güclü olmasıdır.
Qeyd olundu ki, Azərbaycan - Türkiyə dostluğu regionla yanaşı, dünyada sülhə, əmin-amanlığa xidmət edir. Bu gün Türkiyə və Azərbaycan səmalarında bayrakdarlar uçur. Artıq Türkiyə dünyanın ən qabaqcıl və üstün texnologiyaya sahib "Kızılelma" pilotsuz təyyarə istehsal edir. Bu, Türkiyənin hərbi gücünün daha bir nümunəsidir. Azərbaycan səmasında da "Kızılelma"nı görəcəyimizə ümid edirik. Yaxın vaxtlarda Azərbaycanda Bayraqdar Mərkəzinin yaradılması barədə cənab İlham Əliyevin söylədikləri hər birimizi qürurlandırdı. Prezidentimizin qeyd etdiyi kimi, bu gün artıq Türkiyə və Azərbaycan bir yumruqdur.
M.NƏRİMANOĞLU,
“Respublika”.