Azərbaycan XİN Fransa Prezidentinə cavab verib
Məlumat

Azərbaycan XİN Fransa Prezidentinə cavab verib

Sentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransanın "TF1" və "France 2" kanallarına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun "TF1" və "France 2" kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Mətbuat katibi, həmçinin bildirib: "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün "Orientalizmə" söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda mənfur neokolonialist təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xristianlıq amilini qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.

Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır.

Sentyabrın 19-20-də Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda, Azərbaycanın bu tədbirlərinə qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər verir.

Azərbaycan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması və erməni silahlı birləşmələrinin tərk-silah edilməsi ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir.

Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik".