Azərbaycan yazıçısı “Necip Fazıl
Digər xəbərlər

Azərbaycan yazıçısı “Necip Fazıl" mükafatına layiq görülüb

Cümhuriyyət tarixinin görkəmli ədəbiyyatçısı, ədəbi mühitdə özünəməxsus iz buraxan türk şair və dramaturqu, islamçı ideoloq sayılan  Necip Fazıl Kısakürekin mənəvi və mədəni mirasını yaşatmaq məqsədilə  doqquz ildir ki, "Star" qəzeti  tərəfindən ''Necip Fazıl'' mükafatının təqdimetmə mərasimləri keçirilir.  ''Necip Fazıl'' mükafatları  mədəniyyət və incəsənət dünyasında  əks-səda doğuran   mükafatlar  arasında yer alır.  Hər il müxtəlif mövzuda təşkil olunan  ''Necip Fazıl'' mükafatları bu il "Yük kimin çiynində" mövzusunda  keçirilib.

"Star" qəzeti tərəfindən təşkil olunan,  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilən mükafatlandırma mərasimi İstanbulun Atatürk Mədəniyyət Mərkəzində baş tutub.  Bu il mükafata layiq görülənlər arasında Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev də yer alıb. "Beynəlxalq mədəni-sənət" nominasiyası üzrə mükafatlandırılan yazıçımıza mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Türkiyə Prezidenti çıxışında Elçin Əfəndiyevin müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth etdiyini deyib. Bildirib ki, Türkiyə-Azərbaycan dostluğunun, səmimiyyətinin, həmrəyliyinin dünyada nümunə kimi göstərildiyi bir dövrdə verdiyimiz bu mükafat xüsusi məna daşıyır. "Əfəndiyev qardaşımızın əsərləri və varlığı ilə bu dostluğun mədəniyyət və elm sahələrində bayraqdarlarından biri olmağına davam edəcəyinə inanıram və  onu təbrik edirəm", - deyə Türkiyə Prezidenti bildirib.

Yazıçı Elçin Əfəndiyev də Türkiyə ilə Azərbaycanın bir-birinə qardaş olduğunu deyib: "Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın bir-birinə "əziz qardaşım" - deyə müraciəti əslində elə ölkələrimiz arasındakı qardaşlığın, doğmalığın ifadəsidir. Yaxın keçmişə baxdığımızda Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən şanlı Zəfərimizə gedən 44 günlük Vətən müharibəsində Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu gördük. Türkiyə Prezidenti hər zaman dövlətimizin başçısının, vətəndaşlarımızın yanında oldu. Bu da çox böyük yaxınlıq və doğmalıqdan xəbər verir".

Onu da qeyd edək ki, altı nominasiya üzrə təqdim edilən mükafata "Hekayə-roman" nominasiyası üzrə Ayşegül Genç, "Hörmət" nominasiyası üzrə İlhami Atalay, "İlk əsərlər" nominasiyası üzrə Elif Genç, "Şeir" nominasiyası üzrə şair Mehmet Can Doğan, "Fikir-araşdırma" nominasiyası üzrə Mustafa Özel və "İlk əsərlər" nominasiyası üzrə Can Acer  layiq görülüb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.