Azərbaycanın Balkan strategiyası uğurlu geosiyasət nümunəsidir
Siyasət

Azərbaycanın Balkan strategiyası uğurlu geosiyasət nümunəsidir

Son dövrdə aktiv şəkildə şahidi oluruq ki, Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu qloballaşdırmağa çalışır. BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələrin mahiyyəti də elə bu idi. Amma sözügedən toplantıda ölkəmiz əleyhinə sənəd qəbul edilmədi.

Əslində, bu, gözlənilən idi. Çünki qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil. Odur ki, bizim BMT-də keçirilən müzakirələrdə fokuslanmalı olduğumuz əsas məqam hansı ölkələrin kimin tərəfində yer almasıdır. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi, çünki hər ikisinin ölkəmizlə strateji tərəfdaşlığı mövcuddur. ABŞ və Böyük Britaniyanın BMT-dəki təmsilçiləri sadəcə Laçın yolunun açılması vacibliyini bildirdilər, eyni zamanda alternativ yolların istifadəsini də mümkün saydılar. Birləşmiş Ərəb Əmirlikləri isə "balanslı" çıxışa üstünlük verdi. Halbuki müzakirələrdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ərəb həmkarıyla telefonla danışmışdı. Demək ki, belə təmaslar daha ardıcıl olmalı və ölkəmiz mövqeyini qəti şəkildə ortaya qoymalıdır. Bu müzakirələrdə ən əhəmiyyətli məqam BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Albaniya təmsilçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi oldu. Bu, öz növbəsində göstərdi ki, iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yaxşı zəmin formalaşıb.

Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Belə ki, rəsmi Tirana 1992-ci il yanvarın 4-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan edib, 1993-cü il sentyabrın 23-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin vaxtdan başlayaraq iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin getdikcə yaxşılaşdırılmasında, habelə Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq yaradılmasında mühüm rol oynayıb. İki ölkənin rəsmiləri davamlı olaraq kontakt halındadırlar. Son 1 ilə nəzər salsaq görərik ki, Albaniyanın Baş naziri Edi Rama 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edib.

Ötən il noyabr ayının 15-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya rəsmi səfəri olub. Bu, ölkə başçımızın Albaniyaya ilk səfəri idi. Beynəlxalq platformalarda, o cümlədən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti fonunda Albaniya daim Azərbaycana dəstək verib. Prezident İlham Əliyev də Albaniyanın dəstəyini yüksək qiymətləndirib. Dövlət başçısı iyulun 7-də Albaniya prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Ölkəmiz də daim Albaniyaya dəstək göstərib. Belə ki, 2019-cu il 26 noyabr tarixində Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb. Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsində də Azərbaycanın rolu artır. Enerji sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. TAP qaz kəmərinin başlanğıcını Albaniyadan götürəcək TAP layihəsi ilə davam etdiriləcəyi gözlənilir. Bu, Albaniya iqtisadiyyatına əhəmiyyətli "nəfəs" verə və gələcəkdə, xüsusən də Avropada mövcud enerji böhranı şəraitində sabitliyi təmin edə bilər. Ümumilikdə, 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub. Əvvəlki illə müqayisədə, ötən il Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olub, o cümlədən idxal 70,47 faiz artıb, ixrac əməliyyatları bərpa olunub.

2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı qeyd edilib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon dollar, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib. Yəni Azərbaycan və Albaniyanın əlaqələri təkcə siyasət yox, ticarət meydanında da inkişaf etməkdədir. Bu isə xüsusilə əhəmiyyətlidir. Çünki Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir. Bu mənada beynəlxalq müstəvidə Albaniya ölkəmiz üçün mühüm tərəfdaş hesab oluna bilər. Biz artıq BMT-də keçirilən son müzakirələrdə bunun nə dərəcədə əhəmiyyətli olduğunu gördük. Eyni zamanda onun da şahidi olduq ki, Azərbaycan xarici siyasətini düşünülmüş formada qurub və dövlət başçımızın gündəliyində xüsusi yer tutan Balkan siyasəti bu gün effektiv nəticə verir.

Jalə QASIMZADƏ,

"Respublika".