Azərbaycanın beynəlxalq nüfuzu sarsılmazdır
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzu sarsılmazdır

Müstəqillik illərində Azərbaycan misilsiz nailiyyətlərə imza atmış, beynəlxalq arenada etibarlı tərəfdaş kimi özünü təsdiq etmiş və böyük nüfuz sahibinə çevrilmişdir. 1993-2003-cü illər ərzində ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində Azərbaycan sosial-iqtisadi cəhətdən hərtərəfli inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin düşünülmüş xarici siyasət strategiyası sayəsində dünyanın əksər dövlətləri ilə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin əsasları yaradıldı, beynəlxalq təşkilatların fəaliyyətində iştirakımız təmin edildi.

Azərbaycanın beynəlxalq aləmə sürətli inteqrasiyası, nüfuzunun getdikcə artması siyasi uzaqgörənliyin, davamlı və məntiqli strategiyanın nəticəsidir. Ölkəmizin sürətli inkişafı xalqda ulu öndər Heydər Əliyev siyasi kursunun alternativi olmadığına inam yaratmışdır. Ümummilli lider Heydər Əliyevin möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət uğurla davam etdirilir.

Ölkəmizin qlobal və regional geosiyasi nüfuzunu artıran başlıca amillərdən biri müstəqil dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, zəngin resurslara, milli, vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. malik olmasıdır. Mövcud və perspektiv geoiqtisadi potensiala: iqtisadi inkişaf tempinə, o cümlədən enerji və karbohidrogen ehtiyatlarına, əlverişli iqlim və münbit torpağa, turizm imkanlarına, kənd təsərrüfatı və sənaye infrastrukturlarına malik olması ölkəmizin cəlbedici iqtisadi tərəfdaş olduğunu müəyyən edir.

Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, iqtisadi, mədəni həyatında iştirak edir və müvafiq sahələrdə öz geosiyasi maraqlarını təmin etməyə çalışır. Azərbaycan yüksək beynəlxalq reputasiyaya malik ölkədir. BMT-nin Baş Assambleyası, ondan əvvəlki dövrdə BMT Təhlükəsizlik Şurası və ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar tərəfindən ölkəmizin mövqeyini dəstəkləyən onlarla qətnamələrin qəbul edilməsi bunu bir daha təsdiqləyir.

Azərbaycan müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə evsahibliyi edir, dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbul edilməsi mühüm diplomatik nailiyyət idi. Azərbaycan 2011-ci il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi, 155 ölkənin dəstəyi ilə respublikamız 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil etmək imkanı qazandı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi onun dünyadakı nüfuzunun göstəricisi idi.

BMT Təhlükəsizlik Şurasına üzvlüyü zamanı Azərbaycan həmişə beynəlxalq hüquq və ədaləti müdafiə etmişdir. Bu təşkilata birinci sədrliyimiz dövründə 2012-ci ilin 4 may tarixində beynəlxalq sülh və təhlükəsizlik mövzusu çərçivəsində "Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi" adlı yüksək səviyyəli görüş keçirilmişdir. Azərbaycanın təklifi ilə 30 may 2012-ci il tarixində "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT Təhlükəsizlik Şurasının "Arria formulası" çərçivəsində qeyri-rəsmi müzakirələr təşkil olunmuşdur. Quruma ikinci sədrliyimiz dövründə Azərbaycan sədr ölkə olaraq yüksək səviyyəli iclası "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusuna həsr etmişdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi üzərinə düşən missiyanı uğurla yerinə yetirmişdir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çox əhəmiyyətli rol oynayır. Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya yolunu tutan və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Dövlətimiz beynəlxalq əməkdaşlıqda Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir. Qloballaşan dünyanın əsas güc mərkəzlərindən biri kimi kifayət qədər geniş coğrafi arealda iqtisadi, siyasi və mədəni birlik modelinə çevrilmiş Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikanın avrostrukturlara daha dinamik inteqrasiyasına xüsusi maraq göstərir. 2022-ci il iyulun 18-də isə Azərbaycan ilə təşkilat arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumunun imzalanmasının şahidi olduq.

Azərbaycan Respublikası Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" təşəbbüsü özündə 3 əsas məqsədi: hərtərəfli institusional quruculuq proqramlarının; tərəfdaş ölkələr arasındakı iqtisadi və sosial qeyri-bərabərliyin aradan qaldırılması üçün Pilot Regional İnkişaf Proqramlarının; Şərq Tərəfdaşlığı Çoxtərəfli Ölçüsünün yerinə yetirilməsini ehtiva edir. Azərbaycan Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanır, bu məqsədlə təşkilatın texniki-maliyyə dəstəyini alır.

Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən Davos İqtisadi Forumu təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Avropa dövlətləri ilə Azərbaycanın çox sıx iqtisadi, siyasi, mədəni əlaqələri var. Biz enerji resurslarımızı Avropa dövlətlərinə ixrac edirik. Azərbaycanın iştirakı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevirir.

Özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Təşkilatın sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün həllinə davamlı olaraq dəstək əks olunub. Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Belə ki, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunmuşdur. 25-26 oktyabr 2019-cu ildə Bakı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünə evsahibliyi etmişdir.

Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda saxlamağı bacarmışdır. Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə, siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün önəm kəsb edən məsələlər üzrə bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Azərbaycanın quruma daxil olması Ermənistanın təcavüzkar planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmiş, ölkəmiz MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini qarşısını almağa imkan vermişdir. Azərbaycan Respublikası MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir.

Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa və mehriban qonşuluğa əsaslanır. Dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasət strategiyası nəticəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında tarixi ənənələrə əsaslanan münasibətlərin strateji tərəfdaşlıq həddinə yüksəldilməsi hər iki dövlətin milli maraqlarına, suverenlik hüquqlarına cavab verir. Xüsusən son illərdə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. 2022-ci ilin 22 fevralında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir. 43 bənddən ibarət olan Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək öhdəliyi götürmüşlər.

Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur, eyni zamanda digər Şərq ölkələri ilə də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı-faydalı əlaqələr daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Qısası, Azərbaycanın praqmatik mövqeyinin fonunda Şərq ölkələri dövlətimizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında İslam həmrəyliyi proseslərində öndə getməklə böyük nüfuz qazanmışdır. 2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilmişdi. Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində "Birlikdə güclüyük" devizi altında keçirilən Ərəb-İslam-Amerika Sammitində (21 may 2017) ölkələrin qlobal təhlükəsizliyi, sabitliyin təmin edilməsi, zorakılıq, terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılmışdı.

Dünyanın böyük güc mərkəzlərindən olan Çinlə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etdirilir. Dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə ölkələrimiz arasında dayanıqlı münasibətləri daha da möhkəmləndirib. Bu səfərlər zamanı iki ölkə arasında mühüm sənədlər imzalanıb. Qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan "Vahid Çin" siyasətinə hörmətlə yanaşır. İki dövlət arasında imzalanan birgə bəyannamədə də göstərilir ki, Azərbaycan "Vahid Çin" dövlətini tanıyır və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Belə bir qlobal gücün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etməsi Çinin Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığa ehtiramının təsdiqidir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlıq Azərbaycanın qarşısında böyük perspektivlər açacaq, mühüm əhəmiyyətə malik coğrafi məkanda yerləşən Azərbaycanın nəqliyyat-logistika imkanlarını daha da artıracaq, bu sahədə yeni imkanlar yaradacaq.

Beynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyə əlaqələrinin analoqunu tapmaq mümkün deyil. Dövrümüzün nəhəng layihələrindən olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Azərbaycan qazını Avropa bazarına nəql edən Bakı-Tbilisi- Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu regional və beynəlxalq əməkdaşlığın parlaq nümunələrdir. Tarixin sınaqlarından çıxan, dərinləşən bu münasibətlər Vətən müharibəsində özünü daha yaxından göstərdi. Savaş günlərində Türkiyə ictimaiyyəti də qələbəyə köklənmişdi. Müharibə zamanı Türkiyənin siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin ortaq səyləri, nümunəvi həmrəyliyi və sarsılmaz qardaşlığı regionda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı oldu. Bu gün Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri mövcuddur, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və səmimi iştirakçılarıdır. Türkiyə dövlətinin himayəsi ilə hər il keçirilən Avrasiya İqtisadi zirvə toplantıları xalqlarımız və dövlətlərimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatı türk dünyasına aid olan ölkələr arasında əməkdaşlıq və inteqrasiyanı daha da gücləndirir.

Regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etmək, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafına nail olmaq, həmçinin ümumi çağırışlara və təhdidlərə birgə müqavimət göstərməklə əməkdaşlıq etdiyi təşkilatların sayını artırmaq, region ölkələri ilə dostluq, çoxtərəfli əməkdaşlıq, yaxın qonşuluq əlaqələri qurmaq Azərbaycanın xarici siyasətinin prioritetidir. Şübhə yoxdur ki, yaxın illərdə regionda Zəngəzur dəhlizi və digər möhtəşəm layihələrin həyata keçirilməsi nəticəsində Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaranacaqdır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması daha yaxşı perspektivlər vəd edir.

Dünyanın 57 müsəlman ölkəsini birləşdirən İslam Konfransı Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İKT erməni təcavüzünü dəfələrlə pisləmiş, öz qərarlarında Ermənistanı təcavüzkar dövlət kimi qiymətləndirərək BMT-ni bu dövlətə qarşı sanksiyalar tətbiq etməyə çağırmış və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etmişdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunu aşağı salmaq istəyən bəzi siyasi dairələrə tutarlı cavab olmaqla dünya birliyi tərəfindən ölkəmizə böyük rəğbətin və etimadın sübutudur. Çox təəssüflər olsun ki, Azərbaycanın apardığı müstəqil siyasət, ölkəmizin daim artmaqda olan beynəlxalq nüfuzu bəzi dövlətlərin xoşuna gəlmir. Son zamanlar ölkəmizə qarşı Avropa Parlamentinin qərəzli münasibətinin şahidi oluruq. Sözsüz ki, Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən Fransa və Almaniyanı təmsil edən bəzi siyasət nümayəndələrinin dövlətimizin əleyhinə bəyanatları heç bir fayda verməyəcəkdir.

Bu gün Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Güclü iqtisadiyyat və sosial siyasət, vətəndaş cəmiyyətinin gücləndirilməsi, qanunun aliliyinin qorunması, demokratiyanın inkişafı, siyasi islahatların həyata keçirilməsi və dərinləşməsi Azərbaycanın beynəlxalq mövqelərini daim möhkəmləndirir. Dünyada baş verən siyasi, iqtisadi, mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar arasında birgəyaşayış və dözümlülük məkanı olmuşdur. Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir, sülh və inkişaf mərkəzlərindən biri olaraq tanınır. Çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində dünya dövlətləri ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda iqtisadi və siyasi-mədəni əlaqələr daha da geniş xarakter almaqdadır.

Röfət QULİYEV,

tarix elmləri doktoru.