Azərbaycanın İsveçrəsi sakinlərini səbirsizliklə gözləyir
Sosial həyat

Azərbaycanın İsveçrəsi sakinlərini səbirsizliklə gözləyir

Yaxın zamanda Kəlbəcər illərdən sonra öz sakinlərini qarşılayacaq. Hazırda şəhərdə sürətlə tikinti-quruculuq işləri aparılır. İnşa edilən dördmərtəbəli yaşayış binalarının memarlığında İsveç modelinə istinad edilir. Fərəh hissi ilə qeyd edək ki, Böyük Qayıdışın növbəti dayanacağı Kəlbəcərdir. Gözəlliyi ilə gözoxşayan Kəlbəcərin yeni küçələrindən biri də Zəfər prospektidir. Burada altı dördmərtəbəli bina və doqquz fərdi evin tikintisi davam edir. İşlər hava şəraiti və relyefin çətinliyi nəzərə alınmadan sürətlə gedir. Məqsəd və amal isə birdir – sakinləri Kəlbəcərə, Kəlbəcəri isə sakinlərinə tez bir zamanda qovuşdurmaq. Ermənilər işğal müddətində burada da daşı-daş üstündə qoymayıb. Bu gün qədim yurd yerimiz dağıntıların fonunda dirçəldilir. Onu dirçəldənlərin arasında elə keçmiş məcburi köçkünlər də var. Şəhərin əsl sakinləri bu gün bərpa-quruculuq işlərində yaxından iştirak edirlər.

2024-cü ildə Kəlbəcərə ilk köç reallaşa bilər. Rayona əvvəlcə 150 ailənin köçürülməsi nəzərdə tutulur, şəhər də daxil olmaqla Zallar, Zar və Yanşaq kəndlərində tikinti işləri davam etdirilir. Dövlət Proqramında nəzərdə tutulmuş vaxtda doğma yurda qayıdış üçün digər sosial infrastruktur layihələri də icra olunur. Artıq “İstisu” mineral sudoldurma zavodunun da tikintisi yekunlaşmaq üzrədir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq 5000 nəfərdən artıq, kənd və qəsəbələrə isə 8000-ə yaxın, ümumilikdə 13000-ə yaxın insanın öz ata-baba yurduna qayıtması gözlənilir. Əlavə olaraq, 1 şəhər, 1 qəsəbə, 13 kənd olmaqla 15 yaşayış məntəqəsinin tikintisinin layihələndirmə işlərinin başlanılması da nəzərdə tutulub. Görülən işlər Böyük Qayıdışın növrağına böyük stimul verir.

Təəssüf ki, bu gün erməni təəssübkeşliyi ilə gözləri kor olan Qərb görülən işlərə dəstək göstərmir. Özbəkistan və Qazaxıstanın azad edilən ərazilərdə məktəb və uşaq yaradıcılıq mərkəzi tikməsi bir daha qardaşlıqdan, türk dünyasının həmrəyliyindən, türk birliyindən xəbər verir.

Yaxın zamanda Kəlbəcər də Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Ümumiyyətlə, ölkəmizin qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.

Tacir SADIQOV,

“Respublika”.