Azərbaycanın müstəqil xarici siyasətinin növbəti uğuru
Siyasət

Azərbaycanın müstəqil xarici siyasətinin növbəti uğuru

10 noyabr Bəyanatına əsasən Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları öz fəaliyyətini başa vurub. Bu, Azərbaycanın uğurlu xarici siyasətinin bəhrəsidir.

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bəyanata əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirildi.

Sülhməramlıların bölgədə qalma müddəti 5 il idi və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılmalıydı. Dövlətimizin başçısı 2022-ci il aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, üçtərəfli Bəyanatda Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və 5 il müddətində qalması ilə bağlı vaxt çərçivəsi də göstərilib: "Tərəflərdən biri beşillik müddətin kifayət etdiyinə qərar versə, bu barədə altı ay əvvəl açıq şəkildə məlumat verməlidir. Hesab edirəm ki, bu, gələcək konfiqurasiyanın anlaşılması üçün çox müsbət amildir".

Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxması üçtərəfli sənədə görə prosesin məntiqi olaraq sona çatdırılması deməkdir. Yəni Rusiya qoşunlarının Azərbaycan ərazisində olması üçün səbəb qalmayıb. Çünki artıq Qarabağda separatçı rejim yoxdur. Bu addım Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına da təkan verəcək.

Aprelin 17-də Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirildiyi Qarabağı tərk edib. Şəxsi heyətlə yanaşı, texnika da bölgədən çıxarılıb. Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ barədə danışaraq qeyd edib ki, sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi səviyyəsində qərar qəbul edilib. H.Hacıyevin sözlərinə görə, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər.

Ermənistanı revanşa həvəsləndirən, ona maliyyə, silah yardımı edən, rəsmi Moskvanı tənqid atəşinə tutan ABŞ okeanın o tayında olmasına baxmayaraq, Rusiyanı regionda sıxışdırmaqla Cənubi Qafqaza müdaxilə etmək xülyasındadır. Ümumiyyətlə, Ağ Ev Ermənistandan istifadə edərək bölgədəki təsir imkanlarını artırmağa cəhd edir. Rəsmi Vaşinqton Cənubi Qafqaza müdaxilənin Moskvanın kəskin etirazına səbəb ola biləcəyindən də xəbərdar idi. Belə ki, sülhməramlı kontingent Qarabağda olmasaydı, Qərb dövlətləri, o cümlədən ABŞ və Fransa regionda daha çox təxribata əl atardı. Məlumat üçün xatırladaq ki, Ağ Ev bundan öncə dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya və Cənubi Osetiyadan sülhməramlılarını çıxarmağa səsləmişdi. Vaşinqton, hətta 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını da alqışlamışdı. Bununla yanaşı, ötən ilin sentyabrında baş tutan antiterror tədbirlərində də ABŞ-ın qərəzi bir daha özünü göstərmişdi.

Sülhməramlıların Qarabağı tərk etməsi isə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin göstəricisidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".