Azərbaycanın Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib
Digər xəbərlər

Azərbaycanın Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib

Dövlət sərhədinin toxunulmazlığının təmin olunması kimi müqəddəs vəzifə ilə fəxr edən sərhədçilərimiz gələcəyə inamla baxır

Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi və şəxsi heyəti Azərbaycanın Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib.

DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İkinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılaraq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Sonra DSX-nin "Sərhədçi" Mədəniyyət Mərkəzində təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, 2022-ci il sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı DSX-nin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, dövlətimizin başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımızın ucaldılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanıb.

Dövlət sərhədinin toxunulmazlığının təmin olunması kimi müqəddəs vəzifə ilə fəxr edən, üçrəngli dövlət bayrağımız altında milli maraqlarımızı ən yüksək səviyyədə qorumaqdan qürur duyan sərhədçilərin gələcəyə inamla baxdıqları, bu inamın Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və onun rəhbərliyi ilə qazanılan qələbələrdən qaynaqlandığı qeyd edilib.

Tədbir zamanı Prezident İlham Əliyevin 2023-cü il 17 avqust tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət DSX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin əlamətdar gün münasibətilə hazırladığı bayram konsertini izləyib, iştirakçılara Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən "Şərə qarşı" sənədli filmi nümayiş olunub.