Azərbaycanın xarici işlər naziri Moldova səfirinin etimadnaməsinin surətini qəbul edib
Digər xəbərlər

Azərbaycanın xarici işlər naziri Moldova səfirinin etimadnaməsinin surətini qəbul edib

Noyabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Aleksandr Yesaulenko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov səfir Aleksandr Yesaulenkonun etimadnaməsinin surətini qəbul edib, səfirə təyinatı münasibətilə təbrikini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Moldova arasında ikitərəfli səviyyədə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan və Moldova xalqları arasında mövcud qarşılıqlı rəğbətin də müsbət təsir göstərdiyi bildirilib. Nazir Azərbaycanın Moldova ilə regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti haqqında qarşı tərəfi məlumatlandırıb.

Səfir Aleksandr Yesaulenko qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib, həmçinin qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıb. Səfir zəngin tarixə, ənənələrə, qonaqpərvər cəmiyyətə sahib olan Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edib. Aleksandr Yesaulenko iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, mədəni, energetika sahələrində münasibətlərin inkişafının əhəmiyyətini vurğulayaraq, bu xüsusda əlaqələrin daha da inkişafı üçün çalışacağını ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

AZƏRTAC