“Aztelekom” və “Bakı Telefon Rabitəsi” cərimələnib
Digər xəbərlər

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” cərimələnib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təbii inhisarların fəaliyyətinə dövlət nəzarəti istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edilib.

Qeyd edək ki, daha əvvəl Dövlət Xidməti özəl internet provayderlərinə göstərilən xidmətlərin tariflərində artımların tətbiq edilməsinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan araşdırma, eləcə də bir sıra özəl internet provayderlərdən də daxil olmuş müraciətlər əsasında “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində iş qaldırmışdı. İşə baxılması zamanı cəmiyyətlərin dövlət (Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdikləri və bununla bağlı qeyd edilən cəmiyyətlər tərəfindən bir sıra qanunvericilik aktlarının tələblərinin pozulması müəyyən olunub.

Qəbul olunan qərara əsasən, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə onların daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin “Telekommunikasiya haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası qanunlarının, habelə Tarif (qiymət) Şurasının qərarlarının tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və adı çəkilən cəmiyyətlərə maliyyə sanksiyası şəklində cərimə tətbiq edilib.