Bakıda  22-ci  Respublika  Sərgi-Satış  Yarmarkası  fəaliyyətini  davam  etdirir
İQTİSADİYYAT

Bakıda  22-ci  Respublika  Sərgi-Satış  Yarmarkası  fəaliyyətini  davam  etdirir

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Nazirliyin  mətbuat   xidməti   bildirir   ki,  hazırlıq işləri  yekunlaşdıqdan, qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu- 57 (“Meyvəli bazarı”) ərazisində   yerləşən anbarından Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınmasından sonra  fəaliyyətə  başlayan yarmarka oktyabrın 20-dək davam   edəcək.

Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq bütün  məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Bu  il keçiriləcək yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir.

Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edirlər. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram  bal və 30 ədəd arı şanı satışa çıxarıb.

Vətəndaşlar 20 oktyabradək  hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Nəriman  CAVADOV,

“Respublika”.