Baş Prokurorluqda “Heydər Əliyev və Azərbaycan gəncliyi
Digər xəbərlər

Baş Prokurorluqda “Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı konfrans

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin qurucusu, zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olan, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Baş Prokurorluq tərəfindən silsilə tədbirlər keçirilməkdədir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ulu Öndər tərəfindən təsis edilmiş gənclər gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı konfrans təşkil olunub.

 Konfransda Bakı Dövlət və ADA universitetləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Akademiyalarının tələbələri, habelə Dövlət Təhlükəsizliyi Xidməti, Polis, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Akademiyalarının kursantları iştirak ediblər. Həmçinin tədbirə onlayn rejimində Naxçıvan Dövlət Universitetinin tələbələri və müəllim heyəti qoşulublar.

Milli Məclisin deputatları Nizami Səfərov "Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya", Kamal Cəfərov "Gənclərin intellektual, fiziki və mənəvi inkişafında Heydər Əliyevin rolu", Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov "Heydər Əliyev və hüquqi dövlət quruculuğu", "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Heydər Əliyev və vətəndaş cəmiyyəti", Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri İsaxan Vəliyev "Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu", "Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri" İctimai Birliyinin idarə heyətinin rəhbəri Seyfulla Aslanov "Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi", birliyin idarə heyətinin üzvü Zahid Vəliyev "Gənclərin sosial rifahında Ümummilli Liderin müstəsna rolu" mövzularında çıxışlar ediblər.

Konfransda Elm-Tədris Mərkəzinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda təqdimatlar ediblər.

Tədbirdə milli vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

Mustafa KAMAL,

“Respublika”.